
İnsan sonsuz potensiala sahib dahi bir yaradılışdır
İnsan varlığı kainatda ən mürəkkəb, ən möcüzəvi və eyni zamanda təbiəti etibarilə sonsuz potensiala sahib, yaradılış baxımından yer üzünün xilafətinə layiq görülmüş bir varlıqdır. O, sadəcə bioloji orqanizmdən ibarət deyil, düşünmək, hiss etmək, yaratmaq və dəyişmək qabiliyyəti ilə bütün digər canlılardan fərqlənir. Ən önəmlisi isə budur:
“İnsan dahi olmaq potensialı ilə yaradılıb”. Bu potensial hər bir fərdin daxilində yatır, lakin onu üzə çıxarmaq və reallaşdırmaq üçün iradə, zəhmət və doğru istiqamət tələb olunur.
Əslində hər bir insan müəyyən mənada "dahilik toxumu" ilə dünyaya gəlir. Bu toxumun cücərməsi üçün isə münbit şərait, düzgün təhsil, təşviq, zəhmət və inam tələb olunur. Bir çox hallarda dahi adlandırdığımız insanlar sıravi insanlardan sadəcə olaraq bir addım irəlidə getmək, qarşıya məqsəd qoymaq və öz bacarığını davamlı inkişaf etdirmək fərqini göstərmişlər.
Dahilik yalnız yüksək intellekt və ya riyazi qabiliyyət demək deyil. Bundan qat-qat geniş və dərin anlayışdır. O, yeni yollar açmaq, fərqli düşünmək, mövcud olanla kifayətlənməyib daha yaxşısını axtarmaq bacarığıdır.
Bir bəstəkarın notlara can verərək melodiyalarla danışması, bir rəssamın rənglərə həyat verərək susqun boyaları danışan fırçalara çevirməsi, bir yazıçının sözlərlə dünyalar qurması, bir müəllimin şagirdə ruh verməsi – bunların hər biri öz sahəsində bir dahilik nümunəsidir. Təəssüf ki, bir çox insanlar içindəki istedadın fərqinə varmadan ömür sürür və yaxud imkansızlıq, diqqətsizlik, laqeydlik ucbatından bu istedaddan faydalanmadan dünyadan köçür. Dahilik insan ruhunun, ağlının və iradəsinin sərhədsiz gücüdür.
Tarix boyu elm, incəsənət, ədəbiyyat, texnologiya və digər sahələrdə iz qoymuş dahilər əslində bu potensialın bariz nümunələridir. Onların hər biri insan şüurunun və zəhmətinin nələrə qadir olduğunu göstərir. Dahi olmaq yalnız bəzi insanlara mı məxsusdur? Yoxsa hər bir insan bu qabiliyyətləmi doğulur?
Bəzən insanlar düşünürlər ki, dahilik yalnız seçilmişlərə nəsib olur. Amma tarixi şəxsiyyətlərin həyatına diqqətlə baxsaq, görərik ki, onların uğuru yalnız istedadla deyil, davamlı zəhmət, özünə inam və inadkarlıqla formalaşıb. Məsələn, Tomas Edison minlərlə uğursuz cəhddən sonra elektrik lampasını icad edir və belə bir ifadə işlədir: “Mən uğursuz olmamışam. Mən lampanı yandıra bilməməyin 10.000 yolunu kəşf etmişəm”. Bu düşüncə tərzi hər bir insan üçün örnək olmalıdır. Hər bir uğurun arxasında gizlənmiş onlarla, bəzən yüzlərlə uğursuzluq var. Amma dahi olmaq o uğursuzluqlardan sonra ayağa qalxmaq və davam etmək bacarığıdır.
Məşhur fizika alimi Albert Eynşteynin çox gözəl bir deyimi vardı: “Hər kəs dahidir, amma bir balığı ağaca dırmaşmaq qabiliyyətinə görə mühakimə etsəniz, o, bütün ömrünü axmaq olduğuna inanaraq yaşayacaq”. Bu ifadə göstərir ki, hər bir insanın içində fərqli bir qabiliyyət, bir zəka forması yatır. Sadəcə olaraq, bu qabiliyyətin hansı sahədə gizləndiyini tapmaq və onu inkişaf etdirmək vacibdir.
Ətraf mühit, ailə, məktəb və cəmiyyət insanın daxilindəki dahiliyin üzə çıxmasında çox mühüm rol oynayır. Təəssüf ki, bəzən bu qabiliyyətlər ya dəyər verilmədiyindən, ya da yanlış istiqamətləndirildiyindən inkişaf etmir. Bəzən də cəmiyyətin stereotipləri, ailə təzyiqləri, təhsil sisteminin bərbad və eyniləşdirici yanaşması fərdin içindəki dahilik toxumunu öldürür.
İnsan sadəcə yaşamaq üçün yox, yaratmaq və iz qoymaq üçün yaradılıb. Hər bir fərd, əgər öz qabiliyyətlərini aşkar edib üzərində çalışarsa, cəmiyyət və bəşəriyyət üçün faydalı bir şəxsiyyətə çevrilə bilər. Dahi olmaq yalnız adlarda yazılan bir titul deyil. O, həyat tərzi, düşüncə forması və daxili aləmin gücüdür. İçimizdəki potensialı kəşf etdikcə biz öz daxili dahilimizə bir addım daha yaxınlaşırıq. Dahi olmaq doğuşdan verilmiş bir imtiyazdan çox, seçilən bir yoldur. Əgər hər kəs səbrli və məsuliyyətli olarsa, özünə inanarsa, zəhmətdən və uğursuzluqdan çəkinməzsə və məqsədinə doğru gedərsə, bu yolu seçə bilər. Özünüzə, qabiliyyətinizə və gələcəyinizə inanmaq lazımdır. İnamsız insan heç vaxt məqsədinə çatmaz və dahi ola bilməz.
Ən əsası isə bir həqiqəti bilmək lazımdır:
Allah bizi – insanları dahi və mükəmməl yaratmışdır. Ağıl, vicdan, sevgi və iradə ilə mükafatlandırmışdır. Onun qarşısına çıxmaq üçün bu mükəmməlliyə layiq bir həyat tərzi yaşamalıyıq. Biz bu görüşə və bu imtahana hazırıqmı?
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik
Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri