Əmək qanunvericiliyi müstəvisində işçilərin hüquqları
1. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin beşinci hissəsinə görə 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Ümumiyyətlə, 15 yaşlı şəxs işlədilərsə, bu hansı hüquqi nəticələri doğurar?
- Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə görə, yəni işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
2. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər hansılardır?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 250-ci maddəsində birbaşa olaraq təsbit olunur ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
3. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
şəhid ailəsinin üzvlərinə;
müharibə iştirakçılarına;
əsgər və zabitlərin arvadına (ərinə);
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;[155]
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
4. Səhhətinə görə əmək funskiaysını yerinə yetirməkdə çətinlik çəkən işçi həmin iş yerində daha yüngül işə keçirilə bilərmi?
Bəli, keçirilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
5. Soyuq və isti havalar şəraitində iş yerlərində əmək funskiyasənən icrasına fasilələrə və ya ümumiyyətlə işin dayandırılmasına yol verilər bilərmi?
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə görə işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır.
İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü Əmək Məcəllənə 2-ci əlavədə nəzərdə tutulmuşdur.
Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.
İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas








