
Gəmiqaya və Göygöl UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilib
UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunan “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Qumral Əsədova media nümayəndələrinə açıqlama verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qumral Əsədova bildirib ki, bu tarixi qərar 11 iyul 2025-ci il tarixində qəbul olunub və Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, Gəmiqaya və Göygöl kimi unikal təbii və tarixi məkanların UNESCO-nun İlkin Siyahısına daxil edilməsi gələcəkdə onların Əsas Siyahıya salınması üçün ciddi elmi və təşkilati zəmin yaradır.
Məlumata görə, “Gəmiqaya” Tarix-Bədii Qoruğu Naxçıvan MR Nazirlər Kabinetinin 5 may 2006-cı il tarixli 39 nömrəli qərarı ilə yaradılıb. Kiçik Qafqazın Zəngəzur dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarında yerləşən bu ərazi 40,42 hektarı əhatə edir. Burada 2000-dən çox daş üzərində 7000-dən artıq qayaüstü təsvir tədqiq olunub.
Qumral Əsədova qeyd edib ki, Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə start verilib. 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının qərarı ilə burada elmi tədqiqatlar, albom nəşri və film çəkilişləri həyata keçirilib.
Göygöl haqqında da ətraflı məlumat verən Qumral Əsədova bildirib ki, bu göl Zəngəzur silsiləsinin cənub yamacında, Nürgüt kəndi yaxınlığında, 3065 metr yüksəklikdə yerləşir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədər olan göl ilin bütün fəsillərində qar, yağış və bulaqlardan qidalanır. Vulkanik mənşəli Göygöl Kiçik Qafqazın ən hündür dağ göllərindən biri hesab olunur.
Qumral Əsədova əlavə edib ki, bu kompleksin UNESCO-nun İlkin Siyahısına daxil edilməsi milli-mənəvi dəyərlərimizin beynəlxalq səviyyədə tanıdılması və qorunması istiqamətində əhəmiyyətli addımdır. O da vurğulanıb ki, növbəti mərhələdə kompleksin Dünya İrsinin Əsas Siyahısına salınması üçün elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq tədbirləri davam etdiriləcək
Müsahibəni hazırladı:
Nəzrin Abbaslı