Gənclərimiz texnologiyanın yalnız istifadəçisi deyil, həm də gələcəyin həllərini formalaşdıran yaradıcı qüvvəyə çevrilirlər

Gənclərimiz texnologiyanın yalnız istifadəçisi deyil, həm də gələcəyin həllərini formalaşdıran yaradıcı qüvvəyə çevrilirlər

22 May 2026

“Ağıllı şəhər” anlayışı texnologiyanın şəhər idarəçiliyinə inteqrasiyasını ifadə edirsə, “Ağıllı kənd” yanaşması kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, su və enerji resurslarının səmərəli idarə olunması, kənd yerlərində həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bu sözləri “Ağıllı Şəhər və Ağıllı Kənd” startap festivalında çıxış edən Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov deyib. O bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Dövlət Universiteti tərəfindən birgə təşkil olunan festival   da məhz bu çağırışlara uyğun olaraq gənclərin innovativ ideyalarını, startap təşəbbüslərini və texnologiya əsaslı həllərini bir araya gətirir. Burada təqdim olunan layihələr göstərir ki, gənclərimiz texnologiyanın yalnız istifadəçisi deyil, həm də gələcəyin həllərini formalaşdıran yaradıcı qüvvəyə çevrilirlər.

Festival çərçivəsində keçiriləcək panel müzakirələri də xüsusi əhəmiyyət daşıyır. Panellərdə ağıllı şəhər idarəetməsi, rəqəmsal təhsil, innovasiya ekosistemi, gələcəyin texnologiyaları və dayanıqlı inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılacaq. Bu müzakirələr dövlət qurumlarını, ali təhsil müəssisələrini və sahə üzrə ekspertləri bir platformada birləşdirərək qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, yeni təşəbbüslərin formalaşdırılmasına və innovativ həllərin təşviqinə imkan yaradacaq.

Azər Məmmədrəhimov qeyd edib ki, , burada Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markalarının nümayişi də təşkil olunub. Nümayiş etdirilən markalar Naxçıvan Muxatr Respublikasının memarlıq abidələrini, milli-mədəni dəyərlərini, təbiətini, tarixi irsini və müxtəlif inkişaf istiqamətlərinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin STEAM Mərkəzi tərəfindən hazırlanmış xüsusi stend nümayiş olunur. Bu stend gənclərin erkən yaşlardan robototexnika, proqramlaşdırma, mühəndislik və innovativ düşüncə bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.