Hərbi xidmət və xüsusi rütbəli şəxslərin pensiya hüquqları ilə bağlı yeni qaydalar təsdiqləndi
“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və şərtləri yenidən müəyyənləşdirilib. Hərbi xidmətdən buraxılma səbəbinə, xidmət müddətinə və rütbəyə görə müavinət məbləği fərqləndirilir.
Həmçinin, hərbi və xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması qaydası təkmilləşdirilib, güzəştli şərtlərlə xidmət illərinin hesablanması, eləcə də bəzi təhsil dövrlərinin xidmət stajına daxil edilməsi ilə bağlı yeni müddəalar əlavə olunub.
Yeni qaydalar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək.








