Naxçıvanda uzunömürlü nümunəvi ailə ilə görüş keçirilib -

Naxçıvanda uzunömürlü nümunəvi ailə ilə görüş keçirilib - FOTO

30 Oktyabr 2025

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü və nümunəvi ailələrlə görüşlər davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, növbəti belə görüş Culfa rayonunun Əlincə kəndində, 59 illik ailə həyatı yaşayan Novruzovlar ailəsində keçirilib. Görüşdə Komitənin və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də “Ailə Könüllüləri” iştirak ediblər.

Tədbirdə çıxış edən Komitə Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva və Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Rauf Kazımov uzunömürlü ailələrin gənc nəslə örnək olduğunu vurğulayaraq, bu cür ailələrin ailə dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildiriblər.

Novruzovlar ailəsinin başçısı Məsmalı Novruzov və həyat yoldaşı Fatma Novruzova 5 övlad, 14 nəvə, 23 nəticə sahibi olan böyük bir ailənin əsasını qoyublar. Onlar uzun və xoşbəxt ailə həyatının təməlində qarşılıqlı hörmət, səbr və milli dəyərlərə sadiqliyin dayandığını qeyd edərək, gənc nəslə ailə həyatı ilə bağlı tövsiyələrini bölüşüblər.

Görüşün sonunda Komitə tərəfindən Novruzovlar ailəsinə hədiyyə təqdim olunub.