Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

17 Sentyabr 2026

Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev və sədr müavini Səfər Mehdiyev iştirak ediblər.

Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Dövlət sosial müdafiə fondunun gəlirlərinin və xərclərinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Müzakirə zamanı Milli Məclisin deputatı tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.

Çıxış edən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.