İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar

İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar

15 Oktyabr 2026

Ermənistanın əvvəlki hökuməti və Azərbaycana zərər vuran prezidentləri indiyədək lazımi cəzalarını almayıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitində bəyan edib.

Dövlət başçısı qeyd edib ki, heç bir beynəlxalq qurum ərazinin işğalı zamanı Azərbaycana dəstək göstərmirdi, Ermənistana isə yardım edilirdi.

Dövlət başçısı xatırladıb ki, 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz edib.

İlham Əliyev vurğulayıb ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalıb.

Prezident həmçinin qeyd edib ki, məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyıb.

"Ermənistanın keçmiş rəhbərliyi, ölkənin hər üç sabiq prezidenti və onların tərəfdarları - bu müharibə cinayətkarları və uşaq qatilləri indiyədək layiqli cəzalarını almayıblar", - dövlət başçısı bildirib.