İşıqla başlayan savaş: yaşıl rəngin böyük geosiyasəti
İşıq və istilik sadəcə təbiət hadisəsi deyil, gücün və hakimiyyətin göstəricisi olub. Bəşəriyyətin yarandığı ilk gündən...
Təbiətin ən saf rəngidir yaşıl... Ancaq rənglər yalnız vizual aləmlə məhdudlaşmır, həm də müxtəlif sahələrdə, məsələn, energetikada tamamilə yeni məna və mahiyyət qazanır.
Yaşıl XXI əsrin geosiyasi reallığının rəngidir. Çünki enerjidə “yaşıl” olmaq iddiasında olan dövlətlər üçün təkcə ətraf mühiti qorumaq anlamı daşımır, həm də gələcəyin xəritəsində öz müstəqil mövqeyini təmin edir. Yaşılın çalarları var. Mən isə zümrüd yaşılını doğma diyar Naxçıvan üçün simvolizə etmək istəyirəm. Zümrüd təbiətdə ən saf, ən dəyərli və gözoxşayan yaşıl rəngli qiymətli daşdır. Naxçıvan elə zümrüd rəngində yaşıl, zümrüd kimi parlaq və strateji dəyərdir.
Bu gün həmin güc nümayişinin ən parlaq və ən strateji cəhətdən həssas nöqtələrindən biri, şübhəsiz ki, Naxçıvandır. Dövlət başçısının Naxçıvana səfəri zamanı verdiyi bəyanatlarla təbiətin unikal üstünlük bəxş etdiyi Naxçıvan tamamilə fərqli bir geosiyasi məna qazandı. Açılışlar və təməlqoyma mərasimləri səfər çərçivəsində şəhərin ab-havasını tamamilə dəyişdi. Dövlət başçısı “Şəms-1” və “Qərbi Üfüq” günəş stansiyalarındakı işlərlə tanışlığını qeyd edərək, regionun daxili tələbatının çox üstündə – 500 meqavatdan 1000 meqavata qədər yaşıl enerji potensialının reallaşdırılacağını bildirdi.
Bu strategiyanın məntiqi son dərəcə aydındır: daxili tələbatdan dəfələrlə çox istehsal gücü yaratmaq, Naxçıvanın uzun illər məruz qaldığı coğrafi anklav və blokada şərtlərini tamamilə dəyişmək deməkdir. İstehsal olunacaq nəhəng enerji həcmləri Türkiyə vasitəsilə birbaşa Avropa bazarına çıxarılacaq və Naxçıvanı enerji asılılığından qurtararaq Avrasiyanın strateji yaşıl enerji halqasına çevirəcək. Tivi Su Elektrik Stansiyasının yenidən qurulmasına yönəldilən vəsait isə günəş enerjisinin dəyişkən gücünü tənzimləmək və bərpaolunan enerji balansını qüsursuz təmin etmək üçün su ehtiyatlarından necə strateji şəkildə istifadə olunduğunu göstərir.
Bəs yerli miqyasdan qlobal arenaya adlayan bu böyük dönüşüm haradan qaynaqlanır? Dünyanın diqqətini özündə cəmləyən bu “yaşıl söhbət”in mənbəyi haradır?
Keçmişdə dövlətlər qara qızıl hövzələri, kömür yataqları və hərbi-strateji dəniz yolları uğrunda çarpışırdılarsa, günümüzün qlobal rəqabəti tamamilə yeni müstəviyə keçib. Ekologiyanın rəmzi sayılan yaşıl enerji artıq sadəcə təbiət mənzərəsi deyil; o, beynəlxalq müstəvidə güc balansını müəyyən edən təsir vasitəsi, emissiyasız iqtisadiyyat nümayişi və dövlət müstəqilliyinin real təminatıdır. Ekoloji təmiz enerji keçidinə liderlik etmək isə sadəcə təbiəti qorumaq məqsədi güdmür, əslində, bu, hər bir ölkənin sabahkı qlobal düzəndə öz sözünü deməsi üçün həyati əhəmiyyət daşıyan həlledici savaşdır. Bu yeni qlobal arxitekturanın formalaşması isə təsadüfi bir proses deyil, böyük iqtisadi və siyasi sarsıntıların məntiqi nəticəsidir. “Yaşıl enerji” anlayışı qlobal siyasi leksikona ilk dəfə 1973-cü ilin məşhur OPEC neft embarqosu zamanı daxil oldu. Neft asılılığının milli təhlükəsizliyi necə kövrək vəziyyətə saldığını görən Qərb dövlətləri, xüsusilə ABŞ Energetika Nazirliyi və 1974-cü ildə təsis olunan Beynəlxalq Enerji Agentliyi alternativi məhz bərpaolunan resurslarda tapdılar. İlk praktik addımlar da çox gözlətmədi: 1978-ci ildə Arizona ştatında günəş enerjisi ilə çalışan ilk yaşayış məntəqəsi, 1980-ci ildə Nyu-Hempşirdə sənaye miqyaslı ilk külək ferması, 1991-ci ildə isə Danimarkanın Vindeby layihəsi ilə dənizdə qurulan ilk külək stansiyası bəşəriyyətin yeni enerji erasının təməlini qoydu.
Zaman keçdikcə bu texnoloji sıçrayışlar fəlsəfi və inzibati baxımdan daha da dərinləşərək “Yaşıl Zona” və ya “Sıfır Emissiya Zonası” konsepsiyasını doğurdu. İlk dəfə 1990-cı illərin əvvəllərində Almaniyanın Frayburq şəhərinin Vauban məhəlləsində keçmiş hərbi bazanın yerində tətbiq olunan bu model, müəyyən bir coğrafi ərazidə karbon emissiyasını tam sıfırlamaq ideyasına dayanır. 2006-cı ildə Əbu-Dabidə təməli atılan “Masdar City” isə bu ideyanın qlobal miqyaslı ən böyük şəhər layihəsinə çevrildi. 2015-ci il Paris İqlim Sazişi ilə BMT səviyyəsində rəsmiləşən bu konsepsiya dövlətlərin strateji prioritetlərinə, o cümlədən Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpaolunan enerji layihələrinin reallaşmasına birbaşa təsir göstərdi.
Azərbaycanın bu qlobal dönüşümdəki yeri təkcə müasir dövrün tələbi deyil, zəngin bir tarixi irsin davamıdır. Ölkəmizdə bərpaolunan enerjinin ilk izləri hələ 1901-ci ildə Gədəbəydə Siemens qardaşları tərəfindən tikilən Qalakənd Su Elektrik Stansiyasına və 1954-cü ildə istifadəyə verilən Mingəçevir SES-ə dayanır. Müstəqillik dövründə isə 2004-cü ildə qəbul edilən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Proqramı və 2011-ci ildə fəaliyyətə başlayan Qobustandakı ilk Eksperimental Poliqonla sistemli xarakter alan bu xətt son illərdə keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoyub. 2023-cü ildə “Masdar” şirkəti ilə birgə istismara verilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın artıq regional yaşıl enerji mərkəzi olduğunun ilk böyük bəyanatını verdi və ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında, həmçinin karbon emissiyalarının azaldılmasında mühüm mərhələyə çevrildi.
Bu strateji xəttin ən mühüm və siyasi baxımdan ən çəkili halqalarından biri də Prezident İlham Əliyevin qərarı ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvan Muxtar Respublikasının “Yaşıl Enerji Zonası” elan edilməsidir. Bu addım sadəcə dağıdılmış ərazilərin bərpası deyil, həmin torpaqlarda tam karbonsuz, rəqəmsal və geosiyasi baxımdan son dərəcə dayanıqlı yeni bir təhlükəsizlik çətirinin qurulmasıdır. Qarabağda bərpaolunan yaşıl enerji layihələri, Cəbrayıldakı 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyası və Xəzərdən başlayıb Rumıniya və Macarıstana qədər uzanacaq Qara Dəniz Sualtı Elektrik Kabeli ölkəmizin geoiqtisadi çəkisini dəfələrlə artırır. Eyni zamanda ölkəmizi mühüm enerji ixracatçısına çevirir.
Beləliklə, Bakıdan Naxçıvana, Qarabağdan Avropaya qədər uzanan bu “zümrüd dəhliz” göstərir ki, Azərbaycan qlobal “yaşıl keçid” prosesində sadəcə kənardan izləyən və ya hazır qaydalara uyan tərəf deyil. Dövlətin nümayiş etdirdiyi bu siyasi iradə, milli resurslardan maksimum səmərə ilə istifadə edərək, gələcək onilliklərin müstəqil, karbonsuz və sarsılmaz suverenlik xəritəsini bütövlüklə özü cızır.
Əfruz İbrahimqızı
Jurnalist








