Şəhid ailələrinə dövlət təltifləri təqdim edilib - FOTO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda, həmçinin xidməti vəzifələrin icrası zamanı şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri Dövlət Sərhəd Xidmətinin Aparatına dəvət olunublar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən danışan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Vətənə layiqli övlad yetişdirdiklərinə görə şəhid ailələrinə dərin minnətdarlığını ifadə edib.
Azərbaycan Sərhəd Mühafizəsinin keçdiyi şərəfli tarixi yoldan, sərhədçilərimizin döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıq və şücaətdən danışılmış, şəhid sərhədçilərin əziz xatirəsinin daim uca tutulduğu vurğulanıb.
Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin 14 Avqust 2026-cı il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhid sərhədçilərə verilmiş dövlət təltifləri onların ailə üzvlərinə təqdim olunub.
Şəhid ailələri göstərilən ali diqqət və qayğıya, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


















