Könüllü gənclər Naxçıvanda media fəaliyyəti ilə tanış olublar - FOTO
22 İyul – Milli Mətbuat Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Media ilə bir gün" layihəsi çərçivəsində könüllü gənclər Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-yə və "Şərq qapısı" qəzetinin redaksiyasına ekskursiya ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ekskursiyalar zamanı iştirakçılar televiziya, radio və qəzet redaksiyasının fəaliyyəti, xəbərin hazırlanması və yayımlanması prosesi, studiya və texniki bölmələrin işi ilə tanış olub, media nümayəndələri ilə görüşərək onları maraqlandıran suallara cavab alıblar.
Görüşlərdə çıxış edənlər belə layihələrin gənclərdə media savadlılığının artırılması, peşəkar jurnalistikaya marağın gücləndirilməsi və düzgün informasiya mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Sonda gənclərin hazırladıqları rəsm əsərləri media qurumlarına hədiyyə olunub, xatirə şəkilləri çəkdirilib.

















