Məcid Seyidov Culfada vətəndaşları qəbul edib - FOTO
Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Culfa şəhərində vətəndaş qəbulu keçirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbuldan öncə Məcid Seyidov Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
İcra Hakimiyyətində reallaşan qəbul zamanı müraciətlər əsasən, rayon ərazisində idman infrastrukturunun yenilənməsi, inventar təminatı, işə qəbul və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşların diqqətinə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Culfa rayonunda sadə tipli açıq hava idman qurğuları istifadəyə verilmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi çərçivəsində idman zonasının inşası isə tamamlanmaq üzrədir. Yaxın vaxtlarda isə özəl investisiya hesabına universal qapalı idman obyektinin tikintisinə başlanılacaqdır. Nazir müavini rayonun idman mühitinin canlanması, məşqçilər üçün iş şəraitinin yaradılması, xüsusən də gənc nəslin sağlam həyat tərzinə təşviqi məsələlərinin diqqətdə saxlanıldığını, bu istiqamətdə işlərin mərhələli şəkildə icra olunacağını ifadə edib.












