Milli kimliyimizin, milli birliyimizin bayramı: Novruz

Milli kimliyimizin, milli birliyimizin bayramı: Novruz

21 Mart 2026

Xalqımızın məişətində, milli düşüncə tərzinin və dünya baxışının formalaşmasında ciddi rol oynayan bayram və mərasimlər mənəvi dəyərlərimizi özündə əks etdirən əsas amillərdəndir. Çünki bayram və mərasimlər milli-mənəvi dəyərlərimizin tarixi köklərini özündə əks etdirən əsas elementlərdəndir. Xalqların ictimai həyatında mühüm rol oynayan, mənəvi mədəniyyətin daşıyıcısı olan, kütləvi forma kəsb edən bayramlar hər bir etnosun tarixini, mənəvi təkamülünü, təbiətə və cəmiyyətə münasibətini açıqlayan ictimai-bədii bir hadisədir. Tarixi köklərdən süzülüb gələn bayramlarımızın ən qədimlərindən biri, heç şübhəsiz, Novruzdur. Dərin kökləri ilə Azərbaycan xalqının mədəniyyətinin uzaq keçmişindən xəbər verən Novruz bayramı əski çağlardan başlayaraq xalqımızın həyatında özünəməxsus, əbədi, unudulmaz bir yer tutmuşdur. Novruz – dünyanın və insanın yaradılış bayramıdır. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Novruzun milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndərimiz Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirib. Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalqımızın başına gətirilən müsibətlər Novruzdan yan keçməmişdir. Ona qara yaxılaraq dini bayram damğası vurulmuş, bu ad altında xalqımızın milli mədəniyyətinin formalaşmasında ciddi rol oynamış mənəvi dəyərlərini məqsədli şəkildə məhv etməyə çalışmışdılar. Lakin bu siyasi təsirlərə baxmayaraq, xalqımızın qan yaddaşına hopmuş əməyin yaranışı, təbiətin oyanışı, ulu şənliklə bağlı olan bu bayram məhv olmamışdır. Bütün qadağalara, damğalara baxmayaraq, Novruz bayramı günümüzə qədər gəlib çatmışdır. Öz kökləri ilə qədim Azərbaycan-Türk mədəniyyəti dövrünə aid olan Novruz adətlərinin Azərbaycan xalqı içərisində uzun zamandan bəri yaşamasının səbəbi hər şeydən əvvəl onun təsərrüfat həyatı, əmək və məişəti ilə əlaqəli olmasıdır. Qeyd edək ki, bütün təsərrüfat sahəsi ilə bağlı təqvimin başlanğıcı Novruz bayramından (yazdan) hesab olunur.

Milli mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını bəzi şəxslər Zərdüştlüklə əlaqələndirirdilər. Bununla da bəzi kəslər Novruzu hind-arilərə bağlamaq istəyirlər. Məlumdur ki, bütün dinlər onu qəbul edən xalqlar arasında özündən əvvəlki etiqad və təsəvvürlərə kölgə salmağa cəhd göstərmişdir. Zərdüştlükdə bu bayramı xalqın hafizəsindən çıxarmağın mümkün olmadığını gördükdə, ona atəşpərəstlik damğasını vurmuşlar. Novruzda tonqal qalamanın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlər odu müqəddəs saymış, onun közünün dağılmasına belə imkan verməmişlər. Bundan əlavə, oda keşik çəkən döyüşçülər üzlərinə niqab keçirirmişlər ki, onların ağzından çıxan nəfəs oda toxunub murdarlamasın. Ancaq Novruzda insanlar ağırlığım, dərdim, bəlam bu oda düşsün deyə odun üzərindən tullanarlar. Demək, od günəşin yerdəki rəmzidir. Bu ayin od kultu ilə bağlıdır. Qədim türklər oda kult kimi baxmışdılar, onu müqəddəs bilmişdilər.

Novruz sözünə gəldikdə isə bayrama bu adın verilməsi Orta əsrlərə aid olduğu göstərilir. Etnoqrafik materiallara görə türklərdə bu bayram Ərgənəkon adı ilə keçirilmişdir. Əcdad bayramından bahar və əkinçilik bayramınadək uzun bir yol keçmiş bu bayram qədim Turan bayramı olmuşdur. Ümumiyyətlə, bayramın türk mənşəli olması və qədim türklərlə bağlılığına aid geniş ədəbiyyat materialları da vardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Cənab Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirir. Cənab Prezident İlham Əliyevin: Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Biz Novruzu artıq altı ildir ki, Qarabağda qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi.

Novruz bayramı milli təfəkkürümüzün, milli dəyərlərimizin ayrılmaz hissəsinə çevrilmişdir. Biz Azərbaycan xalqı olaraq, Novruz bayramına dövlətin verdiyi dəyər və önəmi doğru-düzgün qiymətləndirməli, ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın yaxından iştirakı üçün verilmiş milli quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, xalqın qədim mifik görüşlərindən tutmuş, adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruz bayramının rolu olduqca əhəmiyyətli və əvəzsizdir.

Qoy, bu bayram xalqımıza bolluq bərəkət, yenilməzlik, şadlıq, əmin-amanlıq gətirsin. Bayramınız mübarək, əziz Azərbaycan xalqı.

Asəf ORUCOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, dosent