Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla başa vurublar -

Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla başa vurublar - FOTO

02 İyun 2026

Hövsan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib. Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 28 klubdan ümumilikdə 300-dən çox idmançı iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda Naxçıvanın “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribovun  rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayıb. Turnirin qala gecəsində “low-kick” və “K1” növləri üzrə çıxış edən klub idmançıları uğur qazanıblar. Müvafiq növ və çəki kateqoriyasında mübarizə aparan Yusif Qəribli (71 kq), Nurlan Yasinli (70 kq), İbrahim Bağırlı (57 kq), Hüseyn Bərbudov (37 kq), Nicat Quliyev (26 kq) və Samir Əliyev (26 kq) qala gecəsinin qalibi qismində kuboka layiq görülüblər.  

Tədbir Milli Qəhrəman Asif Məhərrəmovun xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik ruhunun təbliği və ölkəmizdə kikboksinq idman növünün inkişafına dəstək məqsədi daşıyıb.