Naxçıvanda abidələrin mühafizəsi və mədəniyyət saraylarının təmiri planlaşdırılır
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən tarixi-mədəni irsin qorunması, abidələrin mühafizəsinin gücləndirilməsi və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yenilənməsi istiqamətində yeni layihələr həyata keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, planlaşdırılan tədbirlər çərçivəsində tarixi-mədəni abidələrin daha geniş tanıdılması məqsədilə onların ərazilərində məlumat lövhələrinin quraşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, Babək, Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir işləri aparılacaq. Hazırda layihələrin icrası ilə bağlı hazırlıq işləri davam etdirilir. Layihə-smeta sənədlərinin hazırlanması üçün Nazirlik tərəfindən müvafiq şirkətlərlə müqavilələr bağlanılıb.
Təmir işlərindən sonra mədəniyyət müəssisələrinin daha müasir və əlverişli şəraitdə fəaliyyət göstərməsi, əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması gözlənilir.
Mədəni irsin qorunması istiqamətində isə abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi planlaşdırılır. Bu tədbir abidələrin və onların ətraf ərazilərinin qorunmasına, eləcə də tarixi-mədəni irsin gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Həyata keçiriləcək layihələrin Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunmasına və rayonlarda mədəni fəaliyyətin inkişafına töhfə verəcəyi bildirilir.









