
Naxçıvanda “Görmək Gözəldir” aksiyasına start verildi - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Görmək Gözəldir” adlı tibbi-profilaktik aksiya start götürüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, asiyanın əsas məqsədi əhalinin sağlamlıq səviyyəsinin yüksəldilməsi, göz xəstəliklərinin vaxtında aşkarlanması, erkən diaqnostika və müalicəyə cəlb olunmasını təmin etmək, həmçinin Zərifə xanım Əliyevanın oftalmologiya sahəsindəki əvəzsiz xidmətlərini gənc nəsillərə tanıtmaqdır.
Aksiya çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində yaşayan əhali Ailə Sağlamlıq Mərkəzlərində Naxçıvan Sağlamlıq Mərkəzinin təcrübəli oftalmoloqları tərəfindən müayinə olunur. Müayinələr mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.
İlkin olaraq Ordubad rayonunun Dırnıs Ailə Sağlamlıq Mərkəzində keçirilən aksiya zamanı 70-dən artıq vətəndaş göz müayinəsindən keçib. Müayinələr nəticəsində müxtəlif göz patologiyaları aşkarlanıb, vətəndaşlara tibbi məsləhətlər verilib və zəruri hallarda onlar əlavə müayinələr və müalicə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilib.
Qeyd edək ki, bu cür aksiyalar əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və gələcəkdə də davam etdirilməsi planlaşdırılır.