Naxçıvanda ixrac potensialı artıb
2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sahibkarları beynəlxalq bazarlarda fəal iştiraklarını davam etdiriblər. Hesabat dövründə ixrac imkanlarını genişləndirmək və yerli məhsulların tanıdılmasını təmin etmək məqsədilə sahibkarlar 7-si biznes-forum, 6-sı sərgi və 1-i konfrans olmaqla ümumilikdə 14 beynəlxalq tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu tədbirlərdə meyvə şirələri, peçenye, vafli, tütün məmulatları, panel radiator, mebel, sement, daş, əhəng, gips, elektrod, sintetik əsaslı boyalar və uşaq bezi kimi 35-dən çox yerli məhsul nümayiş etdirilib.
2025-ci ilin yanvar–sentyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 10,3 milyon ABŞ dolları olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artım deməkdir. Cari ildə Naxçıvan məhsulları qonşu ölkələrlə yanaşı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmərlikləri və İraq bazarlarına çıxarılmış, həmçinin Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.








