Naxçıvanda kardioloji müayinələr həyata keçirilib -

Naxçıvanda kardioloji müayinələr həyata keçirilib - FOTO

04 May 2026

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Naxçıvan Sağlamlıq Günləri” silsilə tibbi tədbirlər çərçivəsində Naxçıvan sakinləri üçün ölkənin tanınmış mütəxəssis həkim kardioloqları tərəfindən kardioloji müayinələrdən ibarət tibbi aksiya keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Elmi Tədqiqat Kardiologiya İnstitutunun yüksəkixtisaslı həkim və professor heyəti tərəfindən aparılan aksiya çərçivəsində müayinələr Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ-də təşkil olunub. Əsas məqsəd ürək-damar xəstəliklərinin erkən aşkarlanması, risk faktorlarının müəyyən edilməsi, əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi olub.

Müayinələr Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqları tərəfindən aparılıb. Aksiyada professor Tofiq Cahangirov və ixtisaslı həkimlər – Mədinə Əzimova, Lətafət Eyvazova, Mahir Bağırov, Soltan Şahhüseynov, Rasim Cəfərov, Səkinə Osmanova, Ruslan Nəcəfov, Fəridə Yaqubova və Nigar Babayeva iştirak ediblər.

Qeyd edək ki, müayinələrə cəlb olunmaq üçün əvvəlcədən qeydiyyat aparılıb.

Aksiya çərçivəsində ümumilikdə 200-ə yaxın vətəndaşa həkim mütəxəssislər tərəfindən kardioloji baxış aparılıb, onlar instrumental müayinələrə (EKQ, ExoKQ və s.) cəlb olunub, ürək-damar sistemi ilə bağlı patologiyalar aşkarlanaraq müvafiq tövsiyələr verilib.

Eyni zamanda, vətəndaşlara sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivliyin artırılması və ürək-damar xəstəliklərinin profilaktikası ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.

Keçirilən bu aksiya yalnız tibbi xidmətin təşkili ilə məhdudlaşmayaraq, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, onun dövlətçilik ideyalarının və xalq sağlamlığına yönəlmiş siyasətinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kimi təşəbbüslər həm səhiyyə sahəsində davamlı inkişafın təmin olunmasına, həm də əhali arasında sağlamlıq mədəniyyətinin yüksəldilməsinə xidmət edir.