Naxçıvanda məktəb rəhbərləri üçün mülki müdafiə təlimləri keçirilib -

Naxçıvanda məktəb rəhbərləri üçün mülki müdafiə təlimləri keçirilib - FOTO

15 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsi tərəfindən yeni tədris ilinə hazırlıq məqsədilə tədris-metodiki toplanışlar keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, toplanışlarda Naxçıvan şəhəri və rayonlardakı tam orta məktəblərin direktorları, tədris hissə müdirləri, hərbi rəhbərləri, eləcə də 2, 5 və 6-cı sinif rəhbərləri iştirak ediblər.

Tədbirlər zamanı təhsil müəssisələrində mülki müdafiə işinin təşkili, dərslərin keçirilməsi metodikası, müvafiq sənədlər toplusunun hazırlanması və icrasında tədris hissə müdirlərinin rolu barədə məlumat verilib. Şagirdlərə mülki müdafiə biliklərinin yeni metod və üsullarla öyrədilməsinin vacibliyi diqqətə çatdırılıb.

Seminar, təlim, məşq və açıq dərslərin keçirilməsi, həmçinin mülki müdafiə biliklərinin şagirdlərə əyani şəkildə aşılanmasının əhəmiyyəti vurğulanıb və müəllimlərə metodiki köməklik göstərilib.

Toplanış iştirakçılarına fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, təxliyə planlarının hazırlanması, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib. Mövzularla bağlı fotoslayd və videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Sonda təhsil müəssisələrində keçirilən yoxlamaların nəticələri müzakirə olunub, fərqlənənlər mükafatlandırılıb və yeni tədris ili üçün qarşıda duran əsas hədəflər müəyyənləşdirilib.