Naxçıvanda sosial-iqtisadi sahədə müsbət tendensiya var

Naxçıvanda sosial-iqtisadi sahədə müsbət tendensiya var

01 Fevral 2025

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi sahədə müsbət tendensiya davam edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (ÜDM) istehsalı ötən illə müqayisədə 3,1 faiz artaraq 1 milyard 539 milyon 514 min 500 manat olub. Son illərdə həyata keçirilən iqtisadi islahatlar və investisiya layihələri bu artımın davamlı olacağını göstərir.

Ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala yönəldilən vəsaitin həcmi də əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə bu məbləğ 270 milyon 573 min 800 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 62,3 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyaların böyük hissəsi yaşayış binalarının tikintisinə sərf olunub. 2025-ci ildə isə bu göstəricinin daha da artacağı gözlənilir.

Kənd təsərrüfatı sektorunda da inkişaf davam edib. 2024-cü ildə muxtar respublikada 382 milyon 206 min 200 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2023-cü illə müqayisədə 2 faiz çoxdur.

Qeyd edək ki, son illərdə həyata keçirilən kompleks iqtisadi tədbirlər muxtar respublikada dayanıqlı inkişafın təmin olunmasına və əsas iqtisadi göstəricilərin artmasına imkan yaradır.