
Naxçıvanda Uşaq İncəsənət Festivalının 2 - ci turu başladı - FOTO
Avqustun 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində 2-ci seçim turuna Naxçıvanda start verildi.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin iştirakı ilə seçim turu keçirilib.
Naxçıvan Dövlət Filarmoniyasında keçirilən seçim turunda iştirakçılar xor kollektivi, solo milli rəqs və milli rəqs ansamblı nominasiyaları üzrə iştirak edib.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalına Naxçıvan Muxtar Respublikası üzrə 1000 nəfərdən çox namizəd qeydiyyatdan keçmiş, bunlardan 15-i kollektiv, 342 nəfəri isə fərdi nominasiyalar üzrə II turda iştirak hüququ qazanıb.
Festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların millivətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.