
XİN: Azərbaycanda cəza çəkən 37 İran vətəndaşına görüş üçün şərait yaradılıb
"Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonladanışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb".
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində qeyd olunub.
Bildirilib ki, həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.
Yalnız 2025-ci ildə İran İslam Respublikasının Səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub.