Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb
Naxçıvan şəhərində mikromobilliyin inkişafı və ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində yeni təşəbbüs həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısında – Atatürk küçəsi 1 ünvanında velosiped və elektrik skuterləri üçün xüsusi parklanma və enerji doldurma qurğusu quraşdırılıb.
Yeni qurğu velosiped və skuterlərin nizamlı şəkildə park edilməsinə, həmçinin elektriklə işləyən mikromobillik vasitələrinin enerji ilə doldurulmasına imkan verəcək.
İnfrastrukturdan Nazirliyin və tabeli qurumların əməkdaşları ilə yanaşı, ərazidə yerləşən poçt bölməsinin xidmətlərindən istifadə edən vətəndaşlar da yararlana biləcəklər.
Təşəbbüsün əsas məqsədi şəhər daxilində qısa məsafələr üzrə səfərlərdə alternativ nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi, ekoloji təmiz nəqliyyat vərdişlərinin formalaşdırılması və velosipedlərlə elektrik skuterlərinin şəhər mobilliyində payının artırılmasıdır.
Pilot xarakter daşıyan təşəbbüs çərçivəsində qurğudan istifadə intensivliyi və yaranacaq tələbat qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, gələcəkdə bu tip parklanma və enerji doldurma məntəqələrinin Naxçıvan şəhərinin digər uyğun ərazilərində də yerləşdirilməsi nəzərdə tutulur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən şəhərdə müasir, rahat və ekoloji dayanıqlı nəqliyyat həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi planlaşdırılır.








