
Naxçıvanda vergi ödəyicilərinin sayı 52 min nəfəri keçib
2025-ci ilin ilk yarısında (yanvar–iyun ayları üzrə) Naxçıvan Muxtar Respublikasının büdcə xərcləri 203 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artım deməkdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir.
Qeyd edək ki, 2024-cü ilin ilk yarısında büdcə xərcləri 190 milyon manat olmuşdu. Həmin ildə planlaşdırılmış büdcə xərcləri 255 milyon manat təşkil etsə də, icra 190 milyon manatla yekunlaşmış, bu da plana nisbətən 11,4% azalma demək idi. 2025-ci ildə isə həm plan (226 milyon manat), həm də icra göstəricilərində (203 milyon manat) artım müşahidə olunub.
Eyni zamanda bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 52 205 nəfərə çatıb. Onlardan 2832-si hüquqi, 49 373-ü isə fiziki şəxslərdir. Hüquqi şəxslərin sayında 4,1%, fiziki şəxslərdə isə 3,5% artım qeydə alınıb.
Vergi ödəyicilərinin sayındakı bu sabit artım regionda sahibkarlığın və iqtisadi fəallığın genişlənməsini, həmçinin vergi uçotunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatların müsbət nəticə verdiyini göstərir.