NDU-da “Sabahın alimləri” müsabiqəsinin qızıl medalçıları ilə görüş keçirilib - FOTO
Naxçıvan Dövlət Universitetində “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qızıl medalçıları – NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın XI sinif şagirdləri Hüseyn Tahirov və Kənan Məmmədzadə ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gimnaziyanın komandası “ReseptPlus” adlı innovativ layihəsi ilə müsabiqənin final mərhələsində qalib olub və qızıl medalla mükafatlandırılıblar. NDU-nun rektoru Elbrus İsayev qaliblərlə görüşərək onları qələbə münasibətilə təbrik edib. Rektor bu uğuru sadəcə NDU-nun deyil, ümumilikdə, Naxçıvan təhsilinin uğuru kimi qiymətləndirib. Komanda üzvlərinə müvafiq tövsiyələr verib və bu yolda onlara hər zaman dəstək olacağını bildirib.
Qaliblər Hüseyn Tahirov və Kənan Məmmədzadəyə, həmçinin onların mentoru Hüseyn İmanova təşəkkürnamə və müxtəlif hədiyyələr təqdim edilib.
Qalib komandanın üzvləri yaradılan imkanlara, göstərilən diqqət və qayğıya görə NDU-nun rektoru Elbrus İsayevə öz minnətdarlıqlarını bildiriblər.














