NDU-nun tələbəsi Qafar Hüseynovun  uğur hekayəsi

NDU-nun tələbəsi Qafar Hüseynovun uğur hekayəsi

29 Aprel 2026

Müasir Azərbaycan gəncliyi arasında idmana olan marağın artması və bu sahədə əldə edilən uğurlar sevindirici hallardan biridir. Bu uğurların arxasında isə əzmkarlıq, məqsədyönlülük və yorulmaz zəhmət dayanır. Naxçıvan idman mühitindən yüksələrək beynəlxalq arenada sözünü deyən gənclərin sayı da getdikcə artır. Belə gənc idmançılardan biri də Naxçıvan Dövlət Universitetinin tələbəsi, karate-do üzrə ardıcıl nailiyyətləri ilə seçilən Qafar Hüseynovdur.

Qafar Hüseynovun idman yolu hələ məktəb illərindən başlayıb. O, ilk uğurlarını 2018-ci ildə qazanaraq Şərur rayon birinciliyində birinci yerə layiq görülüb. Həmin ildən etibarən müxtəlif rayon və şəhərlər arasında keçirilən yarışlarda uğurla çıxış edən gənc idmançı, artıq beynəlxalq arenada da öz sözünü deməyə başlayıb. Bakıda keçirilən “Black and Caspian Sea Countries Karate Championships” yarışında qazandığı üçüncü yer onun gələcək uğurlarının başlanğıcı kimi yadda qalıb.

2019-cu il Qafar Hüseynov üçün xüsusilə uğurlu olub. Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş yarışdan tutmuş, Bakı şəhərində keçirilən turnirlərə qədər bir çox nüfuzlu yarışlarda birinci yerə layiq görülən idmançı, həmçinin beynəlxalq turnirlərdə də fərqlənib. İranın Astara şəhərində və Türkiyənin Rize şəhərində keçirilən beynəlxalq karate turnirlərində qazandığı üçüncülüklər onun potensialının geniş coğrafiyada tanındığını göstərir. Eyni ildə “Azerbaijan Open International Karate Championships” yarışında ikinci yer, “Heydər Əliyev Kuboku”nda isə birinci yer qazanması Qafarın zirvəyə doğru inamla irəlilədiyini təsdiqləyir.

Sonrakı illərdə də uğurlar silsilə xarakter alıb. 2020 və 2021-ci illərdə keçirilən yerli turnirlərdə birinciliklər qazanan idmançı, 2022-ci ildə Bolqarıstanın Kranevo şəhərində təşkil olunan Avropa çempionatında üç müxtəlif kateqoriya üzrə üçüncü yerə layiq görülərək beynəlxalq səviyyədə daha böyük uğura imza atıb. Bu nəticə onun yalnız ölkə daxilində deyil, Avropa miqyasında da rəqabətə davamlı olduğunu nümayiş etdirir.

2023-cü ildə Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə həm kumite, həm də kata üzrə yüksək nəticələr göstərən Qafar Hüseynov, eyni zamanda ölkədaxili yarışlarda da liderliyini qoruyub saxlayıb. Onun qazandığı birinciliklər, xüsusilə Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə əldə etdiyi qələbə, idmançının peşəkarlığının və davamlı inkişafının bariz nümunəsidir.

2024-cü ildə Azərbaycan Karate Federasiyası tərəfindən II Dan qara kəmərə layiq görülməsi isə Qafarın idman karyerasında mühüm mərhələ hesab olunur. Bu, onun texniki bacarığının, təcrübəsinin və ustalığının rəsmi təsdiqidir.

2025-ci ildə də uğurlar davam edir. “Grand Prix Azerbaijan” beynəlxalq turnirində üçüncü yer və Gürcüstanda keçirilən dünya səviyyəli yarışda birinci yer qazanması Qafar Hüseynovun zirvəyə doğru inamla addımladığını bir daha sübut edir.

NDU tələbəsi bu dəfə isə “16th Shotokan World Championship” yarışında qazandığı ikiqat uğurla diqqət mərkəzinə düşüb. Müsahibimiz yarışa hazırlıq prosesindən və yarış anından danışıb.

İstanbul şəhərində keçirilən nüfuzlu çempionatda Qafar Hüseynov Senior Male “Shobu Ippon Kumite (75 kq)” və “Shobu Nihon Kumite (75 kq)” kateqoriyalarında çıxış edərək hər iki növdə ikinci yerə layiq görülüb. Bu nəticə yalnız şəxsi nailiyyət deyil, həm də Azərbaycan karate məktəbinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin göstəricisidir.

Gənc idmançının uğurunun arxasında isə planlı və sistemli hazırlıq dayanır. O, yarışa qədər olan müddətdə həm fiziki dözümlülük, həm də texniki-taktiki hazırlıq üzərində intensiv çalışıb. Xüsusilə sparrinq məşqləri və səhvlərin təhlili onun performansında mühüm rol oynayıb. Son mərhələdə isə diqqət daha çox psixoloji hazırlığa və yarış formasının qorunmasına yönəldilib. Bu yanaşma müasir idmanda uğurun əsas şərtlərindən biri kimi qiymətləndirilir.

İstanbul çempionatı Qafar Hüseynov üçün təkcə medal qazanılan yarış deyil, həm də ciddi sınaq meydanı olub. Müxtəlif ölkələrdən qatılan güclü rəqiblər fonunda çıxış etmək, onun üçün həm təcrübə, həm də öz səviyyəsini obyektiv qiymətləndirmək imkanı yaradıb. Final görüşündə Qırğızıstandan olan rəqiblə qarşılaşma isə xüsusilə gərgin keçib. Kiçik taktiki səhvlər nəticəyə təsir etsə də, bu cür döyüşlərin gələcək inkişaf üçün böyük təcrübə qazandırdığı şübhəsizdir.

İki kateqoriyada eyni anda gümüş medal qazanmaq, şübhəsiz ki, böyük uğurdur. Lakin Qafar Hüseynov bu nəticəni yalnız zirvə kimi deyil, eyni zamanda daha böyük hədəflərə aparan bir mərhələ kimi qiymətləndirir. Onun fikrincə, bu nəticə həm görülən işin bəhrəsidir, həm də qarşıda daha çox çalışmalı olduğunu göstərən ciddi bir mesajdır.

Qafar Hüseynovu fərqləndirən məqamlardan biri də onun yalnız idmançı kimi deyil, eyni zamanda məşqçi kimi fəaliyyət göstərməsidir. Bu, ona məşqlərə daha şüurlu yanaşmaq, öz çıxışlarını daha dərindən analiz etmək imkanı verir. İdmançı və məşqçi baxış bucaqlarının vəhdəti onun inkişafına əlavə üstünlük qazandırır.

Gənc idmançının uğur yolunda Naxçıvan Dövlət Universitetinin dəstəyi də xüsusi qeyd olunmalıdır. Universitetin idmana göstərdiyi diqqət və yaradılan şərait Qafar kimi tələbələrin həm təhsildə, həm də idmanda paralel uğur qazanmasına imkan yaradır. Bu isə müasir tələbə modelinin formalaşmasında mühüm amillərdən biridir.

Qafar Hüseynovun uğur hekayəsi göstərir ki, məqsədə gedən yol daim zəhmət, intizam və inam tələb edir. O, qazandığı nailiyyətlərlə yalnız öz adını deyil, təmsil etdiyi universiteti, regionu və ölkəni də layiqincə tanıdır. Gənc idmançının qarşıdakı illərdə daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldıracağına inanırıq və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Badəm ƏLİYEVA

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi