Pərviz Şahbazovla Aysel Yaqubova arasında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova arasında görüş keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Təmiz Enerji Mərkəzinin regional əməkdaşlıq platforması kimi fəaliyyəti, planlaşdırılan layihələr və birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”ndən irəli gələn məsələlər, həmçinin qurumun maliyyələşdirilməsi, beynəlxalq təşkilatlar, enerji şirkətləri və maliyyə institutları ilə tərəfdaşlıq imkanları müzakirə olunub. Mərkəzin İƏT-ə üzv dövlətlər üzrə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində mövcud milli qanunvericilik, normativ hüquqi aktlar və siyasət çərçivələrinin mərkəzləşdirilmiş toplusunu formalaşdırmaq kimi planları diqqətə çatdırılıb. Belə təşəbbüslərin investorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçün faydalı olacağı qeyd edilib. Həmçinin bildirilib ki, Təmiz Enerji Mərkəzi əhatə etdiyi ölkələrdə müvafiq sahədə bilik və bacarıqların artırılmasına, təcrübə mübadiləsinə dəstək verməyi, regional və beynəlxalq forumlarda iştirakını genişləndirməyi planlaşdırır.
Söhbət zamanı Energetika Nazirliyinin Mərkəzin fəaliyyətinə dəstəyi ifadə olunub və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə tədbirlərin keçirilməsi tövsiyə edilib.
Qeyd edək ki, Mərkəz İƏT-in ixtisaslaşmış qurumu olmaqla yanaşı, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) tərkib hissəsi kimi 2025-ci ilin sentyabrından fəaliyyətə başlayıb.








