NDU Çinin daha bir universiteti ilə çoxşaxəli əməkdaşlığa başlayır -

NDU Çinin daha bir universiteti ilə çoxşaxəli əməkdaşlığa başlayır - FOTO

29 Aprel 2026

Naxçıvan Dövlət Universitetinin Çində baş tutan ikinci görüşündə logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb sahələrində istehsalat təcrübələri və yay məktəbləri istiqamətlərində yeni imkanlar əldə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Urumçi Peşə Universiteti (Urumqi Vocational University – UVU) arasında keçirilən rəsmi görüşdə təhsil və tətbiqi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalara imza atılıb.

Görüşdə Çin tərəfini UVU-nun prezidenti, universitetin vitse-prezidenti, Beynəlxalq Əlaqələr Ofisinin direktoru, Süni İntellekt Mühəndisliyi fakültəsinin dekanı, həmçinin Çin Kommunist Partiyasının (CPC) Baş Partiya Şöbəsinin katib müavini, eləcə də Yeni Enerji və Yeni Materiallar fakültəsinin dekanı təmsil ediblər.

Müzakirələr zamanı əməkdaşlığın prioritet istiqamətləri kimi logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb sahələri üzrə birgə təhsil proqramlarının hazırlanması xüsusi diqqət mərkəzində olub. Bununla yanaşı, Çin dilinin bakalavr səviyyəsində tədrisinin təşkili, müasir əmək bazarının tələblərinə uyğun ixtisaslaşmaların inkişafı və praktik yönümlü təhsil modelinin tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində tələbə və müəllim mobilliyi, akademik mübadilə proqramlarının genişləndirilməsi, eləcə də istehsalat təcrübələrinin birgə təşkili istiqamətində konkret əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə, bakalavr pilləsində 3+1 modeli əsasında ikili diplom proqramlarının hazırlanması və hibrid (onlayn və ənənəvi) formatda birgə kursların təşkili məsələləri ilə bağlı  ilkin razılıqlar əldə olunub.

Urumçi Peşə Universitetində universitet–sənaye əlaqələri yüksək səviyyədə inkişaf edib və praktik yönümlü əməkdaşlıq modeli uğurla tətbiq olunur. Belə ki, UVU-nun tərəfdaş olduğu aparıcı Çin şirkətləri ilə NDU-nun əməkdaşlıq imkanları da yaradılacaq.

Qeyd edək ki, əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək məqsədilə hər iki tərəfdən işçi qrupları yaradılıb. Bu qruplara həm Naxçıvan Dövlət Universitetinin, həm də Urumçi Peşə Universitetinin rektorları rəhbərlik edəcək.

Peşəyönümlü təhsil verən UVU-nun çox geniş maddi-texniki, praktiki imkanlarından  NDU tələbələrinin tam istifadəsi mümkün olacaq.