Nehrəm qarpızı yenə süfrələrin sevimlisidir -

Nehrəm qarpızı yenə süfrələrin sevimlisidir - FOTO

07 Avqust 2026

Babək rayonunun Nehrəm qəsəbəsində qarpız yığımı mövsümü qızğın davam edir. Uzun illərdir bostançılıq ənənələri ilə tanınan qəsəbədə bu il də bol məhsul əldə olunub. Münbit torpaq, əlverişli iqlim, bol günəş və fermerlərin zəhməti nəticəsində yetişdirilən Nehrəm qarpızı öz təbii şirinliyi və yüksək keyfiyyəti ilə seçilir.

Uzun illərdir bostançılıqla məşğul olan fermerlər Tofiq Məmmədov və Elsevər Cəfərov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildiriblər ki, Nehrəm qarpızının yüksək keyfiyyəti münbit torpaq, bol günəş, düzgün becərmə üsulları və fermer zəhmətinin nəticəsidir. Onların sözlərinə görə, bu il məhsuldarlıq yüksək olub. Fermerlər həmçinin qeyd ediblər ki, son illərdə su təminatının yaxşılaşdırılması və damcı suvarma sisteminin tətbiqi bostançılığın inkişafına mühüm töhfə verib.

Hazırda Nehrəm ərazisində təxminən 120 hektar sahədə bostan məhsulları becərilir. Erkən və mərhələli əkin, eləcə də müasir suvarma üsullarının tətbiqi sayəsində məhsul mövsüm ərzində fasiləsiz şəkildə bazara çıxarılır ki, bu da həm istehlakçıların yerli məhsulla təminatına, həm də fermerlərin gəlirlərinin artmasına şərait yaradır.

Qeyd edək ki, Nehrəm qarpızı uzun illərdir dadı, təbii şirinliyi və keyfiyyəti ilə Naxçıvanın ən tanınmış kənd təsərrüfatı məhsullarından biri kimi öz nüfuzunu qoruyub saxlayır.