Ordubad internat məktəbinin şagirdləri üçün bayram şənliyi keçirilib - FOTO
Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra bayram süfrəsi ətrafında şagirdlərlə səmimi söhbət edilib, onların sevinc dolu anlar yaşaması üçün “Şaxta baba” və digər müxtəlif əyləncəli obrazların iştirakı ilə maraqlı,rəngarəng proqramlar nümayiş olunub. Şənlik zamanı məktəbin şagirdləri tərəfindən rəqs nömrəsi təqdim olunub, mahnı səsləndirilib.
Sonda 58 şagirdə bayram hədiyyələri təqdim edilib, şən anlar birlikdə çəkilən xatirə fotosu ilə əbədiləşdirilib.



















