Qayıdışın və Qələbənin dörd rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 20 sentyabr artıq ölkəmizdə xüsusi əlamətdar gün kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilib. Beləliklə, bu il həmin əlamətdar gün artıq üçüncü dəfədir rəsmi səviyyədə qeyd olunur. 20 sentyabr həm Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının, həm də Qarabağın tarixi şəhər və yaşayış məntəqələrində yeni həyatın başlanmasının rəmzinə çevrilib.
Bu günün təsis olunması təsadüfi deyil. Onun arxasında 30 ilə yaxın davam edən işğal dövrünün ağrı-acısı, minlərlə şəhidimizin qanı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd həsrəti, eyni zamanda Azərbaycan xalqının ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət dayanır.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə adları Azərbaycan xalqının yaddaşında uzun illər həm itkinin və faciələrin, həm də doğma torpaqlara qayıdışın rəmzi kimi yaşayıb. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa edilməsi bu tarixi şəhərlərin də yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaratdı.
Bu prosesin mühüm tarixi mərhələlərindən biri 2023-cü il oktyabrın 15-də yaşandı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısının Xankəndidəki çıxışında vurğuladığı kimi, uzun illər qarşıya qoyulan əsas məqsədlərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi və bu məqsədə nail olundu.
Cəmi bir neçə həftə sonra – noyabrın 8-də Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndidə keçirilməsi həmin şəhərin tarixində yeni mərhələnin başlanmasını nümayiş etdirdi. Bir vaxtlar işğal altında olan şəhər bu dəfə Azərbaycanın hərbi qüdrətinin və Zəfərinin nümayiş etdirildiyi məkana çevrildi. Ardınca Xankəndi ictimai, sosial, təhsil, mədəniyyət və idman həyatının bərpası prosesinə daxil oldu.
2023-cü il dekabrın 21-də Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununun keçirilməsi də bu baxımdan mühüm hadisə idi. Bu görüş 30 illik fasilədən sonra Xankəndidə keçirilən ilk rəsmi futbol qarşılaşması kimi tarixə düşdü.
Qarabağın bərpası yalnız simvolik tədbirlərlə məhdudlaşmadı. Regionun dayanıqlı inkişafının təmin olunması üçün mühüm institusional addımlar atıldı. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin bazasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universiteti yaradıldı. Sərəncamda regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanması və tarixi təhsil ənənələrinin yaşadılması əsas məqsədlər sırasında müəyyənləşdirildi.
2023-cü il dekabrın 5-də isə Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonunun yaradılması haqqında Qanun qəbul edildi. Bununla Ağdərə yeni inzibati mərhələyə qədəm qoydu.
2024-cü il Xankəndinin yenidən həyat məkanına çevrilməsi baxımından mühüm hadisələrlə yadda qaldı. Fevralın 7-də müstəqil Azərbaycan tarixində ilk dəfə Qarabağda, məhz Xankəndi şəhərində prezident seçkiləri üzrə səsvermə keçirildi. Martın 18-də isə şəhərdə ilk Novruz tonqalı alovlandırıldı. Bu hadisələr Xankəndinin yalnız siyasi və inzibati baxımdan deyil, sosial-mədəni baxımdan da Azərbaycanın vahid həyat məkanına qayıtdığını göstərən mühüm simvolik addımlar idi. İyulun 5-də Qarabağ Universitetində yaradılmış şəraitlə tanışlıq keçirildi, şəhərdə “Qarabağ” və “Palace” hotellərinin açılışı oldu, Konqres Mərkəzinin təməli qoyuldu. Sentyabr ayında isə Nizami Gəncəvi adına məktəb, uşaq bağçası və digər sosial-mədəni obyektlərin bərpası istiqamətində işlər davam etdirildi. Elə sentyabrın 20-də – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün təsis edilməsindən bir il əvvəl – Qarabağ Universitetinin təmirdən sonra açılışı keçirildi.
2025-ci il Xankəndinin yalnız bərpa olunan şəhər deyil, həm də regional və beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrilməsi ilə əlamətdar oldu. İyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Bununla yanaşı, şəhərdə Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu, “Xankəndi” Biznes Mərkəzi və Konqres Mərkəzi istifadəyə verildi, Xankəndi-Şuşa kanat yolunun inşası ilə bağlı hazırlıq işləri aparıldı. Zirvə görüşünün Xankəndidə keçirilməsi şəhərin beynəlxalq tədbirlərin ünvanına çevrildiyini nümayiş etdirdi.
2026-cı ildə isə Xankəndidə bərpa və inkişaf prosesi yeni mərhələyə keçib. Mayın 28-də əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı keçirilib, “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi istifadəyə verilib. İyulun 11-də isə “Xankəndi” hotelinin açılışı olub. Bütün bunlar şəhərdə sosial-mədəni və iqtisadi həyatın paralel şəkildə inkişaf etdiyini göstərir.
Xocalıya gəldikdə, burada bərpa-quruculuq siyasəti tarixi yaddaşın qorunması ilə yaşayış mühitinin yenidən yaradılmasını paralel şəkildə əhatə edir. 2024-cü ilin fevralında Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyuldu. 2026-cı il fevralın 26-da isə Prezident İlham Əliyevin iştirakı ilə Memorial Kompleksin açılışı keçirildi. Memorialın yaradılması Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xocalıda bununla yanaşı, yaşayış və iqtisadi fəaliyyət üçün zəruri infrastruktur da bərpa edilir. 2024-cü ilin mayında yaşayış binalarının sakinlərə təqdim olunması, sonrakı mərhələlərdə müxtəlif infrastruktur və istehsal obyektlərinin istifadəyə verilməsi, kəndlərdə aparılan bərpa işləri bölgənin sosial-iqtisadi həyatının yenidən formalaşdırılmasına xidmət edib.
2026-cı il mayın 28-də Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq keçirilib, “Qarabağ Tekstil Evi” MMC-nin açılışı olub. Müəssisədə Türkiyə və Çin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşiddə tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Bu fakt Xocalıda bərpa prosesinin yaşayış məskənlərinin yaradılması ilə yanaşı, istehsal və məşğulluq imkanlarının formalaşdırılmasına da istiqamətləndiyini göstərir.
Xocavənddə bərpa-quruculuq prosesi də ardıcıl xarakter daşıyır. 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Bundan sonra şəhərdə və rayonun yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanıldı.
2026-cı il fevralın 25-də Prezident İlham Əliyev Xocavənd şəhərində və Xocavənd kəndində görülmüş işlərlə tanış oldu. Şəhərdə fərdi evlərin əsaslı təmiri həyata keçirilir, sosial və kommunal infrastrukturun bərpası istiqamətində tədbirlər görülür.
Xocavənd rayonunun Xanoba kəndində də fərdi evlərin və infrastrukturun bərpası istiqamətində mühüm işlər görülür. 2026-cı il martın 18-də dövlət başçısı kənddə həyata keçirilən işlərlə tanış olub. Kənddə evlərin, elektrik və qaz xətlərinin, rabitə və digər infrastrukturun bərpası ilə yanaşı, əhalinin mərhələli şəkildə doğma yurda qayıdışı təmin edilir.
Ağdərə bölgəsinin bərpası isə həm yeni inzibati quruculuq, həm də sosial-iqtisadi inkişaf istiqamətlərini özündə birləşdirir. 2023-cü il dekabrın 5-də Ağdərə rayonunun yaradılması haqqında Qanunun qəbul edilməsi ilə rayonun inzibati statusu rəsmiləşdirildi. Yeni rayonun yaradılması işğaldan azad edilmiş ərazilərdə idarəetmənin və dayanıqlı inkişafın daha səmərəli təşkilinə imkan yaradan mühüm addımlardan biri oldu.
Ağdərə şəhərində və rayonun kəndlərində aparılan bərpa işləri ilə yanaşı, iqtisadi potensialın reallaşdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. 2025-ci il avqustun 21-də Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası ilə tanışlıq keçirilib. 2026-cı il yanvarın 13-də isə Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində görülən işlərlə tanışlıq, “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq, Ağdərə şəhərinin Baş planı ilə tanışlıq və Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Beləliklə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin bugünkü mənzərəsi yalnız keçmişin bərpası ilə məhdudlaşmır. Bu şəhər və rayonlarda yeni yaşayış məhəllələri, sosial obyektlər, təhsil və mədəniyyət müəssisələri, istehsal sahələri, nəqliyyat və digər infrastruktur yaradılır. Əsas məqsəd isə insanların doğma yurdlarına təhlükəsiz, layiqli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir.
20 sentyabr buna görə yalnız tarixi hadisələrin xatırlandığı gün deyil. Bu tarix Azərbaycanın dövlət suverenliyinin tam bərpasını, milli iradənin və dövlətçilik əzminin təcəssümünü, eyni zamanda Qarabağda Böyük Qayıdış prosesinin yeni mərhələsini ifadə edir. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpasından sonra Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə həyata keçirilən ardıcıl tədbirlər göstərir ki, qələbənin tarixi nəticələri artıq gündəlik həyatın, sosial-iqtisadi inkişafın və quruculuğun real göstəricilərində öz əksini tapır.
Bu baxımdan 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm keçmişə ehtiramın, həm bu günə verilən qiymətin, həm də gələcəyə inamın ifadəsidir. Bu dörd şəhərin timsalında Azərbaycan xalqının doğma torpaqlarına qayıdışı, dövlət suverenliyinin bərpası və Qarabağın yeni inkişaf mərhələsi vahid tarixi məzmun qazanır. Qarabağda görülən işlər isə Zəfərin yalnız hərbi nəticə olmadığını, onun ardınca genişmiqyaslı quruculuq, dirçəliş və Böyük Qayıdış mərhələsinin gəldiyini nümayiş etdirir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








