“Qəhrəmanlıq izləri rənglərdə” mövzusunda rəsm müsabiqəsi keçirilib -

“Qəhrəmanlıq izləri rənglərdə” mövzusunda rəsm müsabiqəsi keçirilib - FOTO

16 Sentyabr 2025

Sentyabrın 16-da Naxçıvan şəhərində yerləşən Zəfər Parkında Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq izləri rənglərdə” mövzusunda rəsm müsabiqəsi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şəhid ailələrinin də iştirakı ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyətindən bəhs edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı böyük qələbənin sayəsində bu gün işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Gələcəyimiz olan uşaqlar artıq məcburi köçkün deyil və onlar ailələri ilə birgə doğma ata-baba yurdlarına qayıdırlar. Həyata keçirilən sürətli bərpa-quruculuq işləri nəticəsində bu gün bütün ərazilərimizdə xoşbəxt uşaq gülüşləri eşidilir. Bizə bu qüruru yaşadan Möhtərəm Prezidentimizə, şəhidlərimizə, qazilərə, bütün əsgər və zabitlərimizə, müharibə iştirakaçılarına xalqımız daim minnətdar olacaqdır.

Sonra Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdiri Azər Cəfərli, Naxçıvan Şəhər Gənclər və idman İdarəsinin rəisi Surxay Rzayev və şəhid ailələrinin üzvləri çıxış edərək tarixi hadisələrin incəsənət vasitəsilə gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi və Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri arasında keçirilən müsabiqədə 20 yeniyetmə və gənc rəssam Vətən müharibəsində qəhrəman oğullarımızın göstərdiyi şücaəti, Zəfəri, Qarabağın simvolu olan xarıbülbülü və tarixi abidələrimizi əks etdirən rəsmlər çəkiblər.

Müsabiqənin sonunda Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdi Əkbərova Ramilə Ramil qızı I yerin, həmin məktəbin şagirdi Cəlilova Nuray Məftun qızı və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Nərimanov Nihad Fərman oğlu II yerin, Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdi Əkbərov Mənsur Emil oğlu və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdi Mahmudova Fatimə Ayaz qızı isə III yerin qalibi olublar.

Qaliblər diplom və hədiyyələrlə, müsabiqədə iştirak edən şagirdlərin hər biri isə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunublar.