Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

12 İyun 2026

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hesabat ili ərzində qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında ölkədə makroiqtisadi sabitlik qorunub, iqtisadi artım təmin edilib və dövlət siyasətinin əsas prioritetləri üzrə nəzərdə tutulan bütün tədbirlər ardıcıl şəkildə həyata keçirilib.

"Hesabat dövründə büdcə həm iqtisadi artımın dəstəklənməsinə, həm sosial öhdəliklərin tam icrasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasına xidmət edib, Azərbaycanın 2030-cü ilə qədər milli prioritetlərinə doğru irəliləyişi təmin edib", - deyə S. Babayev qeyd edib.

Onun sözlərinə görə, həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində son illərdə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında rolunu əhəmiyyətli dərəcədə artırıb.