Xalid Əhədov: "Dövlət Proqramı yüksək əlavə dəyər əsaslı kənd təsərrüfatı hədəfləyir"

Xalid Əhədov: "Dövlət Proqramı yüksək əlavə dəyər əsaslı kənd təsərrüfatı hədəfləyir"

22 İyun 2026

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" yüksək əlavə dəyərə əsaslanan kənd təsərrüfatını hədəfləyir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov Dövlət Proqramı çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramında konkret hədəflər müəyyən edilib: "Müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın artırılması, intensiv meyvə bağlarının və istixana komplekslərinin sayının çoxaldılması, soyuducu anbar və taxıl siloları üzrə imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, eləcə də akvakultura sahəsində istehsalın yüksəldilməsi əsas prioritet istiqamətlərdəndir".

"Hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə əsaslanan inkişaf modelini hədəfləyir. Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetləri sırasında yer alır. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, həmçinin fermerlərin maarifləndirilməsi bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi yalnız bütün aidiyyəti qurumların əlaqələndirilmiş və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər", - deyə X.Əhədov əlavə edib.

Onun sözlərinə görə, Dövlət Proqramının icrası üçün bütün imkanlar səfərbər ediləcək: "Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor hesabına isə təxminən 3 milyard manatdan artıq vəsaitin cəlb edilməsi nəzərdə tutulur: Dövlət Proqramının dörd il yarım müddətində icra olunacağını nəzərə alaraq, cənab Prezident tərəfindən proqramın icrasına dərhal başlanılması ilə bağlı verilmiş tapşırıqlara uyğun olaraq qarşımızda duran vəzifələrin yerinə yetirilməsinə vaxt itirmədən başlanmalıdır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin tam icrası yalnız bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyəti, eləcə də özəl sektorun investisiya və idarəetmə potensialının səfərbər olunması nəticəsində mümkün olacaq".