Yanğın baş verdikdə zərər, sığorta və hüquqi məsuliyyət
Bir gecədə yanan ev: zərərin müəyyənləşdirilməsi, məsuliyyət və vətəndaşın atmalı olduğu addımlar
Yaşayış evlərində baş verən yanğın hadisələri bir anın içində illərlə qurulan həyatın məhv olmasına səbəb ola bilər. Belə hallarda vətəndaşlar yalnız maddi itki ilə deyil, həm də hüquqi və texniki proseslərlə üz-üzə qalırlar. Ən çox verilən suallardan biri isə budur: “Yanğından sonra dəymiş zərər necə müəyyən olunur və bu zərəri kim qarşılayır?”
Yanğın baş verdikdən sonra ilk mərhələdə hadisənin başvermə səbəbləri araşdırılır. Bu proses yalnız formal xarakter daşımır, eyni zamanda gələcək hüquqi qərarların əsasını təşkil edir. Ardınca isə tikiliyə dəymiş ziyanın texniki qiymətləndirilməsi aparılır. Bu zaman yalnız yanmış əşyalar deyil, tikilinin konstruktiv vəziyyəti, daşıyıcı elementlərin dayanıqlılığı, mühəndis-kommunikasiya sistemlərinin vəziyyəti və yanğının yayılma intensivliyi nəzərə alınır. Çünki bəzi hallarda görünən zərərdən daha çox yanğın gizli konstruktiv zəifliklər yarada bilər.
Aparılan qiymətləndirmə nəticəsində müəyyən olunur ki, tikili bərpa oluna bilər, yoxsa onun müəyyən hissələrinin yenidən qurulması zəruridir. Bu mərhələ vətəndaşın gələcək qərarları üçün əsas istiqaməti müəyyən edir.
Yanğın hadisələrində ən vacib məsələlərdən biri də sığorta ilə bağlıdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq daşınmaz əmlakın icbari sığortası nəzərdə tutulmuşdur. Bu sığorta növü yanğın, partlayış və digər fövqəladə hallardan dəymiş ziyanın müəyyən hissəsinin qarşılanmasına imkan verir. Sığorta mövcud olduqda vətəndaş maliyyə baxımından daha az itki ilə üzləşir və bərpa prosesini daha qısa müddətdə həyata keçirə bilir. Lakin təcrübə göstərir ki, bir çox hallarda vətəndaşlar evlərini müxtəlif səbəblərdən əvvəlcədən sığortalamır. Belə hallarda bütün maddi zərər birbaşa vətəndaşın üzərinə düşür və bərpa işləri şəxsi vəsait hesabına aparılır. Bu isə xüsusilə sosial baxımdan həssas ailələr üçün ciddi çətinliklər yaradır.
Məsuliyyət məsələsi də bu prosesdə mühüm yer tutur. Əgər yanğın təhlükəsizlik qaydalarının pozulması, elektrik və ya qaz sistemlərində nasazlıq və ya səhlənkarlıq nəticəsində baş veribsə, bu hallarda məsuliyyətin müəyyən edilməsi də hüquqi müstəvidə araşdırılır.
Maarifləndirmə baxımından əsas mesaj ondan ibarətdir ki, vətəndaş bu kimi hallarla qarşılaşmamaq üçün əvvəlcədən tədbir görməlidir. Yaşayış evinin sığortalanması, elektrik və qaz sistemlərinin mütəmadi yoxlanılması, yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi risklərin azaldılmasında əsas rol oynayır.
Nəticə etibarilə qeyd etmək olar ki, yanğın hadisəsi gözlənilməz olsa da, onun nəticələrini minimuma endirmək mümkündür. Düzgün texniki qiymətləndirmə, qanunvericiliyə uyğun sığorta və qabaqlayıcı tədbirlər hər bir vətəndaşın diqqət yetirməli olduğu əsas məsələlərdir. Təhlükəsizlik və sığorta isə yalnız formal tələb deyil, ailənin gələcəyini qoruyan vacib mexanizmdir.
Həsən BABAYEV
Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekpspertizası Mərkəzinin
Mühəndis-texniki ekspertiza bölməsinin rəisi, kiçik ədliyyə müşaviri








