Zərifə xanım Əliyeva – Nurlu ömrün işığı
Azərbaycan tarixində silinməz iz qoymuş, şərəfli və mənalı ömür yolu ilə hər kəsə nümunə olmuş bir şəxsiyyətdən bəhs etmək böyük qürur hissi doğurur. Bu şəxsiyyət həyatını bütövlükdə xalqa xidmətə həsr etmiş, ləyaqəti, alicənablığı və yüksək ziyalılığı ilə seçilən Zərifə xanım Əliyevadır.
Zərifə xanım ilk növbədə qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi tanınırdı. Bununla yanaşı, o, yalnız ailə dəyərləri ilə deyil, həm də elmi fəaliyyəti ilə ucalan bir insan idi. O, dünya tibb elminə mühüm töhfələr vermiş, oftalmologiya sahəsində böyük uğurlar qazanmış görkəmli alim kimi yadda qalmışdır. İnsanlara nur bəxş edən, sözün əsl mənasında “gözlərə işıq verən” bir həkim və alim idi.
Təsadüfi deyil ki, oftalmologiya deyiləndə hər kəsin yaddaşında ilk canlanan ad məhz Zərifə xanım Əliyevadır. O, 1923-cü il aprelin 28-də qədim Şahtaxtı kəndində, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.
1942-ci ildə orta məktəbi uğurla başa vuran Zərifə xanım Əliyeva həyat yolunu qətiyyətlə seçmişdi -o, insanlara şəfa vermək, tibb elminə xidmət etmək istəyirdi. Elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olaraq bu müqəddəs yolun ilk addımlarını atdı. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən gənc həkim artıq qarşısında böyük və məsuliyyətli bir missiya görürdü.
Həmin illərdə Azərbaycanda sürətlə yayılan, insanları korluğa qədər aparan ağır bir xəstəlik – Traxoma ciddi təhlükəyə çevrilmişdi. Bu xəstəliyin nə effektiv müalicəsi, nə də yetərli profilaktikası vardı. Belə bir çətin dövrdə Zərifə xanım yalnız həkim kimi deyil, həm də əsl vətəndaş kimi məsuliyyət hissi ilə hərəkət etdi. O, ölkənin müxtəlif bölgələrinə gedir, həkimlərə məruzələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparır, xəstəliyə qarşı mübarizənin ön sıralarında dayanırdı.
Lakin o, problemin yalnız praktik fəaliyyətlə həll olunmayacağını yaxşı anlayırdı. Bu səbəbdən elmi araşdırmalara yönələrək traxomanın müalicə və profilaktika üsullarını dərindən öyrənməyə başladı. Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşaraq oftalmologiya sahəsində biliklərini daha da zənginləşdirdi və Vətənə qayıtdıqdan sonra elmi fəaliyyətə böyük həvəslə davam etdi.
1949-cu ildən etibarən elmi tədqiqat sahəsində çalışan Zərifə xanım, xüsusilə traxomanın müalicəsində yeni üsulların tətbiqinə öncüllük etdi. Onun antibiotiklərdən, xüsusilə sintomisin preparatından istifadə ilə bağlı araşdırmaları həmin dövr üçün yenilikçi və effektiv nəticələr verdi. 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası bu sahədə mühüm dönüş nöqtəsi oldu və onun təklif etdiyi müalicə üsulları qısa müddətdə geniş tətbiq olunaraq Azərbaycanda traxomanın aradan qaldırılmasına böyük töhfə verdi.
Zərifə xanım bununla kifayətlənmədi. O, oftalmologiyanın digər aktual sahələrinə də üz tutdu. Qlaukoma və digər göz xəstəliklərinin diaqnostika və müalicəsi istiqamətində apardığı tədqiqatlar onun elmi fəaliyyətinin yeni mərhələsini təşkil etdi. Xüsusilə görmə orqanının peşə patologiyası sahəsində apardığı araşdırmalar onu bu istiqamətin pionerlərindən birinə çevirdi.
Onun uzun illər ərzində apardığı klinik müşahidələr və elmi təcrübələr 1977-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil etdi. Bu iş təkcə Azərbaycan üçün deyil, dünya oftalmologiyası üçün də mühüm elmi yeniliklər təqdim edirdi. Elə həmin ildən etibarən o, tibb elmləri doktoru kimi fəaliyyətini daha geniş miqyasda davam etdirdi.
Zərifə xanım həm alim, həm də pedaqoq kimi böyük nüfuz qazanmışdı. O, yüzlərlə gənc həkimin yetişməsində mühüm rol oynayaraq bilik və təcrübəsini səxavətlə bölüşürdü. Onun rəhbərliyi ilə yeni elmi istiqamətlər formalaşır, oftalmologiya sahəsində kadr hazırlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyurdu.
Elmi nailiyyətlərinə görə o, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının nüfuzlu mükafatına layiq görüldü və bu mükafatı alan ilk qadın alim kimi tarixə düşdü. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilməsi onun elmi fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi idi.
Zərifə xanım yalnız elm adamı deyildi — o, yüksək mənəviyyat sahibi, insanlara sevgi ilə yanaşan, həkim etikasını hər şeydən üstün tutan bir şəxsiyyət idi. Onun “Yüksək etimad” kimi əsərləri təkcə tibb işçiləri üçün deyil, ümumilikdə cəmiyyət üçün mənəvi dəyər daşıyan bir irsdir.
Bu nurlu ömrün arxasında həm də böyük bir qadın dayanırdı-qayğıkeş ana, sədaqətli həyat yoldaşı. O, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin yanında, onunla çiyin-çiyinə həyatın enişli-yoxuşlu yollarını addımlamışdı. Bu birlik təkcə ailə deyil, həm də mənəvi dayaq idi.
1985-ci ilin aprelində Moskva səmasında bir ulduz sönmüş kimi göründü. Amma əslində o işıq sönmədi -sadəcə yerini dəyişdi. Artıq o, insanların yaddaşında, tarixdə, elmdə yaşamağa başladı.
Zərifə xanım Əliyeva az yaşadı, amma böyük yaşadı. Onun ömrü bir kitab kimidir — hər səhifəsində zəhmət, hər cümləsində fədakarlıq, hər sözündə insan sevgisi var.
Bu gün də onun adı çəkiləndə bir işıq doğur. Çünki o, sadəcə gözlərə deyil, ürəklərə də nur bəxş edən bir insan idi.
Fəxriyyə CƏFƏROVA








