Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş oftalmoloji müayinə aksiyası keçirilib -

Zərifə xanım Əliyevanın 103 illiyinə həsr olunmuş oftalmoloji müayinə aksiyası keçirilib - FOTO

28 Aprel 2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş oftalmoloji tibbi aksiyalar uğurla davam etdirilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, növbəti belə aksiyaya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə start verilib. Aksiya çərçivəsində vətəndaşlara ixtisaslaşmış oftalmoloji xidmətlərin göstərilməsinə başlanılıb və əhalinin görmə sağlamlığının qorunması və göz xəstəliklərinin erkən aşkarlanması məqsədilə silsilə müayinələr keçirilir.

Tədbir aprelin 23-dən etibarən başlanıb və ilkin mərhələdə 23, 24 və 27 aprel tarixlərində “Naxçıvan Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində həyata keçirilib. Aksiyanın növbəti mərhələsi isə aprelin 28-də “Şəhər Regional Tibb Mərkəzi” publik hüquqi şəxsində təşkil olunub.

Aksiya günləri üzrə müayinə göstəricilərinə əsasən, aprelin 23-də 19 nəfər, aprelin 24-də 30 nəfər, aprelin 27-də 32 nəfər, aprelin 28-də isə 35 nəfər olmaqla, ümumilikdə 116 nəfər vətəndaş oftalmoloji müayinədən keçirilib. Müayinələr qrafikə uyğun olaraq 2 may 2026-cı il tarixədək davam etdiriləcək.

Müayinələr Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu, təcrübəli mütəxəssis Vüsalə Məlikova tərəfindən aparılıb. Aksiya çərçivəsində vətəndaşlara kompleks oftalmoloji xidmətlər göstərilərək, vizometriya, refraktometriya, tonometriya, biomikroskopiya və göz dibi müayinələri icra olunub. Bu müayinələr sayəsində pasiyentlərin görmə vəziyyəti ətraflı qiymətləndirilib, göz daxili təzyiq göstəriciləri müəyyən edilib və müxtəlif oftalmoloji xəstəliklərin erkən diaqnostikası təmin olunub.

Qeyd edək ki, belə aksiyaların təşkili əhalinin sağlamlığının qorunması, xüsusilə də göz xəstəliklərinin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu təşəbbüs Zərifə Əliyevanın zəngin elmi irsinin yaşadılması və onun səhiyyə sahəsindəki xidmətlərinin təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir.