16 yaşına çatmayan şəxslə cinsi əlaqə hansı məsuliyyətə səbəb olur? -

16 yaşına çatmayan şəxslə cinsi əlaqə hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

12 Mart 2026

Sual: On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma hansı məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur.

Bu əməli törətmiş şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 152-ci maddəsinə görə məsuliyyət, həmin əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Nəriman Vəliyev