AMEA-nın Naxçıvan Bölməsində YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib -

AMEA-nın Naxçıvan Bölməsində YAP-ın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

21 Noyabr 2025

AMEA Naxçıvan Bölməsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü: bir qərinədə bir əsrə bərabər inkişaf yolu” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin ictimai-siyasi həyatında dərin iz qoymuş bu tarixi hadisənin mahiyyəti, Ulu Öndər Heydər Əliyevin siyasi irsi və Partiyanın formalaşdırdığı inkişaf strategiyası ətraflı şəkildə müzakirə edilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik çıxışında Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi mürəkkəb vəziyyəti, dövlətçilikdə çətin ictimai-siyasi şəraitin hökm sürdüyü bir dövrdə xalqın Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını qətiyyətlə dəstəkləməsinin tarixi zərurət olduğunu qeyd edib. Akademik 1992-ci il 21 noyabr tarixinin, yəni Yeni Azərbaycan Partiyasının təsis olunduğu günün — müasir siyasi tariximizdə mühüm dönüş nöqtəsi kimi əhəmiyyətindən danışıb, Ulu Öndərin həmin konfransda Partiyanın sədri seçilməsinin Azərbaycan dövlətçiliyi və siyasi sabitliyi üçün həlledici qərar olduğunu vurğulayıb. O, həmçinin YAP-ın yaradılması ərəfəsində baş verən ictimai-siyasi hadisələr və tarixi proseslər barədə geniş məlumat verib. Akademik İsmayıl Hacıyev həmçinin çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq siyasi sabitlik yaradıb, sosial-iqtisadi inkişafı təmin edib, dövlətçiliyi möhkəmləndirib, Azərbaycanı regional liderə çevirib, iqtisadiyyatın dayanıqlı inkişafını sürətləndirib və ordu quruculuğunda mühüm nailiyyətlər əldə edib. Akademik bildirib ki, İlham Əliyev qətiyyətli siyasi iradə nümayiş etdirib, ölkənin ərazi bütövlüyünü bərpa edib və müasir çağırışlara uyğun modern dövlət modeli formalaşdırıb.

Daha sonra AMEA Naxçıvan Bölməsində YAP ərazi təşkilatının sədri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdı” mövzusunda məruzə edib. O, YAP-ın təsis konfransının 1992-ci il 21 noyabr tarixində məhz Naxçıvanda keçirilməsinin səbəblərindən bəhs edib, həmin dövrdə Naxçıvanda mövcud olan sabitlik və siyasi mühitin bu qərarı şərtləndirdiyini qeyd edib. Alim bildirib ki, Partiyanın yaranması cəmiyyətin bütün təbəqələrinin — ictimai mənşəyindən, yaşından və sosial vəziyyətindən asılı olmayaraq,  ümummilli mənafedən çıxış etməsi ilə səciyyələndirib. Zeynəb Quliyeva, həmçinin 2005-ci il 26 mart tarixində İlham Əliyevin YAP-a sədr seçilməsinin Partiyanın idarəçilik strategiyasında yeni mərhələ açdığını xüsusi vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Yeni Azərbaycan Partiyasının azərbaycançılıq və multikulturalizm prinsipi” mövzusunda məruzə edib. O, məruzəsində Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikrini xatırladaraq YAP-ın azərbaycançılıq ideologiyasının əsas daşıyıcısı olduğunu bildirib. Aygün Orucova Partiyanın müasir dövrün tələblərinə uyğun olaraq qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini, multikultural dəyərlərin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Səfər Əliyev “Yeni Azərbaycan Partiyası və gənclər siyasəti” mövzusunda çıxış edərək YAP-ın gənclərə yönəlik dövlət strategiyasında xüsusi yer tutduğunu, onların siyasi fəallığının artırılması və idarəetmədə iştirak imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Ülviyyə Aslanova “Azərbaycan qadınlarının inkişafında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda məruzə etmişdir. O, ölkənin ictimai-siyasi həyatında qadınların rolunun güclənməsində YAP-ın həyata keçirdiyi siyasətin mühüm payı olduğunu bildirib, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar, mədəni və sosial sahələrdəki fəaliyyəti barədə məlumat verib.

Tədbirdə səsləndirilən məruzələr YAP-ın yaranma zərurətindən başlayaraq bu günə qədər keçdiyi inkişaf yolunu, həyata keçirdiyi siyasi islahatları, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən geniş fəaliyyət spektrini elmi-nəzəri baxımdan əsaslandırıb. Tədbir iştirakçıları Partiyanın 33 illik fəaliyyətinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, demokratiyanın inkişafına, sosial-iqtisadi tərəqqiyə və milli həmrəyliyin gücləndirilməsinə verdiyi mühüm töhfələri yüksək qiymətləndiriblər.