Anar Babayev Naxçıvanda vətəndaşları qəbul edib -

Anar Babayev Naxçıvanda vətəndaşları qəbul edib - FOTO

08 Avqust 2026

Avqustun 7-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla ilk səyyar qəbulunu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Anar Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin operativ, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılması, vətəndaşların problemlərinin yerində öyrənilərək həllinə dəstək göstərilməsi dövlət idarəçiliyində əsas prioritetlərdəndir.

Səyyar qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Həlli mümkün olan məsələlərin yerində icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib, əlavə araşdırma və vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilməsi məqsədilə qeydiyyata alınıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, bu cür görüşlərin vətəndaşlarla dövlət arasında səmərəli ünsiyyətin təmin olunmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, səyyar qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.