Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub - FOTO
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Memarlıq və İnşaat Universitetində Azərbaycan memarlığının görkəmli nümayəndəs Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" "Report"-a istinadla məlumat verir ki, tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, digər qonaqlar iştirak ediblər.
Tədbirin moderatoru, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Əcəmi Naxçıvanini orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət verən, dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirən böyük sənətkar kimi səciyyələndirib.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, professor Rahibə Əliyevanın "Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı" mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişində diqqətəlayiq yer tutur.
Memarın yaradıcı dühasının məhsulu olan Möminə xatın məqbərəsi və Yusif Küseyir oğlu türbəsi türk-islam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilir. Alim bildirib ki, Əcəminin yaratdığı sənət məktəbi sonrakı dövrlərdə Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinin memarlığına da güclü təsir göstərib.
Daha sonra Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov "Səlcuq memarlığı və Əcəmi Naxçıvani" mövzusunda çıxış edib.
Qeyd olunub ki, əgər Səlcuq memarlığı türk-islam memarlığının zirvələrindən hesab edilirsə, onun Azərbaycan qolunun ən böyük nümayəndəsi Əcəmi Naxçıvanidir.













