Azərbaycanda orta aylıq əməkhaqqı 4 %-ə yaxın artıb

Azərbaycanda orta aylıq əməkhaqqı 4 %-ə yaxın artıb

15 Mart 2026

Bu ilin fevralın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 782 min nəfər olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,6 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,2 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 % artaraq 1103,8 manat təşkil edib.