Azərbaycanın gələcəyi gənclərlədir
2 Fevral – Azərbaycan Gəncləri Günü müasir dövlətçiliyimizin mühüm ideoloji dayaqlarından biri olan gənclər siyasətinin təntənəsidir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 1997-ci il tarixli Sərəncamı ilə təsis edilmiş və Azərbaycan gəncliyinə verilən yüksək dəyərin dövlət səviyyəsində təsdiqi olmuşdur.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandıraraq bildirirdi ki, “Gənclərimizi milli ruhda, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tərbiyə etməliyik. Azərbaycanın gələcəyi onların əlindədir.” Bu strateji baxış bu gün də dövlət siyasətinin əsas xəttini təşkil edir.
Azərbaycan gəncliyi sırasında Naxçıvan gəncləri xüsusi yer tutur. Tarixən zəngin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilən Naxçıvan gəncləri bu gün də elm, təhsil, mədəniyyət, idman və hərbi xidmət sahələrində fəallıqları ilə fərqlənirlər. Muxtar respublikada gənclər üçün yaradılan təhsil infrastrukturu, sosial layihələr və məşğulluq imkanları onların potensialının üzə çıxarılmasına xidmət edir.
Xüsusilə qeyd olunmalıdır ki, Vətən müharibəsində Naxçıvan gəncləri də digər bölgələrdən olan həmyaşıdları ilə çiyin-çiyinə dayanaraq yüksək qəhrəmanlıq, nizam-intizam və vətənpərvərlik nümunəsi göstərmişlər. Bu, Naxçıvan gənclərinin milli dövlətçilik düşüncəsinə sadiqliyinin bariz ifadəsidir.
2018-ci ildə isə ölkə səviyyəsində ümumi səsvermə ilə Naxçıvan “Azərbaycanın Gənclər Paytaxtı” elan olunub.
Prezident İlham Əliyev gənclərlə bağlı siyasəti daim diqqət mərkəzində saxlayaraq vurğulayır ki, Azərbaycan gəncliyi savadlı, müasir düşüncəli və Vətənə bağlıdır. Dövlət başçısı dəfələrlə qeyd etmişdir ki, gənclərə göstərilən etimad onların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakına stimul verir və bu, Azərbaycanın davamlı inkişafının əsas təminatlarından biridir.
Bu gün həyata keçirilən dövlət proqramları, gənclər fondları, könüllülük hərəkatları və innovativ layihələr, o cümlədən Naxçıvanda reallaşdırılan regional gənclər təşəbbüsləri gənclərin hərtərəfli inkişafına real imkanlar yaradır. Gənclərin ideyalarının dəstəklənməsi, onların qərar qəbuletmə proseslərinə cəlb edilməsi dövlətin gələcəyə hesablanmış siyasətinin tərkib hissəsidir.
Gənclərlə iş, xüsusilə region gəncləri, o cümlədən Naxçıvan gəncləri ilə dialoq daim diqqətdə saxlanılır. Onların təkliflərini dinləmək, problemlərinin həllinə qanunvericilik səviyyəsində töhfə vermək cəmiyyətin əsas vəzifələrindən biri sayılır. Çünki güclü gənclik güclü dövlət deməkdir.
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün Azərbaycan gənclərini, xüsusilə Naxçıvan gənclərini səmimi-qəlbdən təbrik edir, onlara sağlamlıq, bilik, əzm və Vətənə xidmət yolunda uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan gəncliyi ölkəmizin bu gününü və sabahını daha da qüdrətli edəcək.
Rza Xudiyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti








