Ulu öndər Heydər Əliyev və Azərbaycanda gənclər hərəkatı
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Azərbaycan Respublikasında gənclər siyasətinin formalaşması və institusional inkişafı müasir dövlətçilik tarixinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin ideoloji əsaslarının, normativ-hüquqi çərçivəsinin və praktik mexanizmlərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər cəmiyyətin ən dinamik və yenilikçi təbəqəsi kimi dövlətin davamlı inkişafının, milli təhlükəsizliyin və mədəni irsin qorunmasının əsas təminatçılarındandır. Məhz bu baxımdan gənclərə yönəlik məqsədyönlü, sistemli və uzunmüddətli siyasətin həyata keçirilməsi Heydər Əliyevin dövlətçilik konsepsiyasında prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlanılmışdır.
Heydər Əliyevin siyasi irsində gənclər amili xüsusi yer tutmuşdur. O, gəncləri yalnız cəmiyyətin sosial qrupu kimi deyil, dövlətin strateji resursu kimi qiymətləndirirdi. Ulu Öndərin fikrincə, gənclərin intellektual səviyyəsi, milli şüuru və vətənpərvərlik ruhu ölkənin gələcək inkişaf tempini müəyyənləşdirən əsas faktorlardır. Bu yanaşma gənclər siyasətinin epizodik tədbirlər toplusu deyil, ardıcıl və elmi əsaslandırılmış dövlət strategiyası kimi formalaşmasını şərtləndirmişdir. Bu mənada ulu öndər Heydər Əliyev söyləyirdi ki, “Mən həmişə gənclərə böyük ümid bəsləmişəm, çünki onlar Azərbaycanın gələcəyini formalaşdıracaq əsas qüvvədir”.
Heydər Əliyev siyasi hakimiyyətinin birinci dövründə gənclərin təhsili, peşə hazırlığı və ictimai fəallığının artırılmasına xüsusi diqqət yetirmiş, onların idarəetmə strukturlarında irəli çəkilməsində maraqlı olmaqla yanaşı hər zaman bu siyasəti dəstəkləmişdir. Bu təcrübə sonradan, ulu öndərin siyasi hakimiyyətinin ikinci dövründə də müstəqil dövlətimizin gənclər siyasətinin konseptual əsaslarının formalaşmasında baza rolunu oynamışdır. 1993-cü ildə müdrik siyasi xadim Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkədə dərin siyasi və sosial böhranın aradan qaldırılması ilə yanaşı, gənclər siyasətinin də yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Bu dövrdə əsas məqsəd gənclərin dövlət quruculuğu proseslərinə cəlb edilməsi, onların hüquq və azadlıqlarının təmin olunması, sosial müdafiəsinin gücləndirilməsi idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasəti sahəsində normativhüquqi baza formalaşdırıldı, müvafiq dövlət qurumları yaradıldı və gənclərlə bağlı məsələlər dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda gənclər siyasətinin institusional mexanizmləri yaradılaraq təkmilləşdirildi. Gənclərlə iş üzrə dövlət strukturlarının fəaliyyəti əlaqələndirildi, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün əlverişli şərait təmin olundu. Dövlətgənclər əməkdaşlığı modeli məhz bu dövrdə formalaşaraq sonrakı mərhələlər üçün möhkəm təməl yaratdı. Bu institusional yanaşma gənclərin təşəbbüskarlığının dəstəklənməsinə, onların sosial layihələrdə və ictimai fəaliyyətlərdə fəal iştirakına imkan verdi. Nəticədə gənclər təkcə siyasətin obyekti deyil, həm də onun subyekti kimi çıxış etməyə başladılar. Ulu öndər təhsilli gənclərin ölkənin elmi, iqtisadi və mədəni inkişafında həlledici rol oynadığını vurğulayır, bu məqsədlə gənclərin ali təhsil almasına, xarici ölkələrdə təhsil imkanlarının genişləndirilməsinə və elmi tədqiqat fəaliyyətinə cəlb olunmasına xüsusi önəm verilirdi. Təhsil siyasəti ilə gənclər siyasətinin vəhdəti nəticəsində intellektual potensialı yüksək, müasir düşüncəli və milli dəyərlərə bağlı gənc nəsil formalaşmağa başladı.
Ulu öndər Heydər Əliyevin gənclər siyasətində vətənpərvərlik tərbiyəsi əsas ideoloji xətt kimi çıxış edirdi. Gənclərin milli tarixə, dilimizə, mədəniyyətə və dövlət atributlarına hörmət ruhunda tərbiyə olunması strateji vəzifə hesab edilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin milli kimliyinin möhkəmlənməsinə və cəmiyyətin ideoloji bütövlüyünün qorunmasına xidmət edirdi. Ulu Öndərin yanaşmasına görə, millimənəvi dəyərlərə söykənən gənclik həm daxili sabitliyin, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasının əsas təminatçısıdır.
Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti konsepsiyası bu gün də aktualdır və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Onun ideyaları əsasında formalaşmış siyasət gənclərin sosial rifahının yaxşılaşdırılmasına, innovativ potensialının aşkarlanmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlmişdir. Müasir Azərbaycanda gənclərin dövlət və cəmiyyət həyatında fəallığı, beynəlxalq arenada əldə etdikləri uğurlar məhz Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm ideoloji və institusional təməlin nəticəsi kimi qiymətləndirilə bilər.
Ulu öndər ideyaları işığında sürətli inkişaf yolu keçən ölkəmizdə digər sahələrdə olduğu kimi gənclərə yüksək dövlət qayğısının göstərilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, bu sahə artıq təkcə sosial dəstək mexanizmi deyil, eyni zamanda strateji inkişaf resursu kimi formalaşdırılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ideoloji və institusional əsaslar müasir dövrün çağırışlarına uyğun olaraq dərinləşdirilmiş, gənclər siyasəti milli inkişaf strategiyalarının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu mərhələnin əsas xüsusiyyəti qloballaşma şəraitində milli maraqların qorunması ilə beynəlxalq inteqrasiyanın uzlaşdırılmasıdır. Əgər Heydər Əliyev mərhələsində əsas diqqət normativ-hüquqi bazanın yaradılmasına və gənclərin sosial müdafiəsinə yönəlmişdisə, İlham Əliyev dövründə bu baza üzərində innovasiya, insan kapitalının inkişafı və rəqabətqabiliyyətli gəncliyin formalaşdırılması prioritet istiqamətə çevrilmişdir. Dövlət proqramları vasitəsilə gənclərin təhsil keyfiyyətinin yüksəldilməsi, rəqəmsal bacarıqlarının artırılması və əmək bazarına inteqrasiyası məqsədyönlü şəkildə təmin edilmişdir. Əminliklə söyləmək olar ki, Azərbaycanda müasir mərhələdə gənclər siyasəti daha çox nəticəyönümlü və ölçülə bilən indikatorlara əsaslanır. Gənclərin beynəlxalq olimpiadalarda, elmi müsabiqələrdə və idman yarışlarında əldə etdikləri uğurlar bu siyasətin praktik effektivliyini nümayiş etdirir. Eyni zamanda, gənclərin könüllülük hərəkatına və ictimai təşəbbüslərə geniş şəkildə cəlb olunması sosial kapitalın gücləndirilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla həyata keçirdiyi gənclər siyasətinin mühüm istiqamətlərindən biri də Olimpiya hərəkatının genişləndirilməsi olmuşdur. Bu dövrdə ölkəmizdə idman yalnız fiziki hazırlıq vasitəsi kimi deyil, gənclərin sağlam həyat tərzinin formalaşdırılması, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artırılması baxımından strateji əhəmiyyət kəsb etmişdir. Ümumilikdə Olimpiya oyunlarında idmançılarımızın qazandığı uğurlar ölkəmizdə gənclər siyasətinin uğurlu bəhrəsi kimi qiymətləndirilməlidir. Olimpiya hərəkatı çərçivəsində yaradılmış infrastruktur, idman məktəbləri və gənclər üçün təşkil edilən beynəlxalq yarışlar gənclərin sosiallaşmasına və liderlik keyfiyyətlərinin inkişafına mühüm töhfə vermişdir. Bu proses gənclərin yalnız idmançı kimi deyil, eyni zamanda ölkəni beynəlxalq arenada təmsil edən sosial subyektlər kimi formalaşmasını təmin etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl diqqət və qayğısı nəticəsində həyata keçirilən gənclər siyasəti dinamik, çoxşaxəli və strateji xarakter daşıyır. Bu siyasət Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi konseptual xəttin müasir reallıqlar fonunda inkişaf etdirilmiş forması kimi davam etdirilir. Gənclərin intellektual, fiziki və mənəvi potensialının paralel şəkildə inkişafı Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri kimi qiymətləndirilə bilər.
Əli HƏŞİMOV
Ali Məclisin deputatı








