Azərbaycanın sülh təşəbbüsü dünyaya örnəkdir
“Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”- bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində deyib. Ölkə başçımız onu da bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri bu gün tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.
Dünyada sülhün bərqərar olunmasında görülən işlər insanların sağlam gələcəyi üçün bir stimuldur. Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya da dərin minnətdarlığımı bildirən cənab İlham Əliyev Azərbaycanın həmişə sülh tərəfdarı olan ölkə kimi dünyada tanındğını diqqətə çatdırıb. O deyib: “Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.
ABŞ-da keçirilən tarixi Zirvə Görüşü barədə Ölkə başçımız onu da bildirib ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi bu Görüşdən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
- Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm.
“Bugünkü mükafatlandırma mərasimi və hörmətli münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”- bu fikirlər də cənab İlham Əliyev tərəfindən səsləndiriliub.
Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimini rəmzi məna daşıyan bir məqam olduğu İlham Əliyev tərəfindən qeyd edilib. “Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.
Bugünkü simvolizm havada hiss olunur. Bizi bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm”- Ölkə başçımız deyib.
Bu onu göstərir ki, Azərbaycan bu gün məhz cənab İlham Əliyevin simasında dünyada sülhü və təhlükəsizliyi, hər bir ölkə ilə qarşılıqlı əməkdaşlığı özünə prioritet seçən sülhməramlı bir ölkədir.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, xalq artisti








