Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirilib -

Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirilib - VİDEO

02 İyul 2025

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi Feldşer İşi" ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib. 

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Bakı Hərbi Kollecinin klubunda təşkil edilən tədbirdə MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və  digər qonaqlar iştirak ediblər. 

Bakı Hərbi Kollecinin Döyüş bayrağı səhnəyə gətirildikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan hərbi kolleclərin ordumuzda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların bariz nümunəsi olduğunu qeyd edib. Rektor tədris prosesində göstərdikləri dəstəyə görə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən kurs birincisi təhsil müddətində yaradılan şəraitə görə MMU rəhbərliyinə və müəllim heyətinə məzunlar adından minnətdarlığını ifadə edib, buraxılış rəmzi olan emblemi yaş kötüyünə vurub.

Məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplomlar, sertifikatlar, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib, birgə xatirə şəkli çəkdirilib.