Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb -

Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb - FOTO

16 İyul 2025

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində Cəbrayıl könüllülərinin təqdimatı keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının “Cəbrayıl Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” Proqramının əsas məqsədi azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Cəbrayıl könüllülərinin şəhərə təşkil olunan səfəri zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllülərlə görüşərək şəhərdə aparılan bərpa-quruculuq işləri və həyata keçirilən layihələr haqqında geniş məlumat verib, suallarını cavablandırıb, könüllülərin səfər təəssüratlarını dinləyərək onlara bu nəcib işdə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin görüşdə tərəfdaş qurumların nümayəndələri könüllülərə işğaldan azad olunmuş ərazilərdə, eləcə də Cəbrayıl rayonunda könüllü fəaliyyətinin təşkili və onların iştirakı ilə həyata keçiriləcək fəaliyyətlərlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, Cəbrayıl könüllülərinin belə səfərlərinin tez-tez təşkil olunması, rayonda müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səfər zamanı könüllülər işğaldan azad olunmuş və yenidən qurulan, həyatın canlandığı Cəbrayıl şəhəri ilə, burada görülən işlər və sakinlər üçün yaradılan şəraitlə yaxından tanış olublar. Həmçinin şəhərdə məskunlaşan uşaq, yeniyetmə və gənclərlə görüşüb, fikir mübadiləsi aparıb, öz təəssüratlarını onlarla bölüşüblər. Səfərin sonunda könüllülər Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsünü ziyarət ediblər.

Qeyd edək ki, könüllülər növbəti mərhələlərdə Cəbrayıl rayonunda fəaliyyət göstərəcək, o cümlədən tədbirlərin təşkilində yaxından iştirak edəcəklər. Bununla yanaşı bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.