ETSN əməkdaşı: Naxçıvanda da elektrikli avtomobillərin əhəmiyyəti getdikcə artır

ETSN əməkdaşı: Naxçıvanda da elektrikli avtomobillərin əhəmiyyəti getdikcə artır

16 İyul 2025

Dünyada ətraf mühitin çirklənməsinə səbəb olan əsas sahələrdən biri nəqliyyat sektorudur. Ətraf mühitə təsirlərin azaldılması məqsədilə bir çox ölkələrdə benzinlə işləyən avtomobilləri əvəzləyəcək alternativlər axtarılır. Bu istiqamətdə elektrikli avtomobillərin əhəmiyyəti getdikcə artır. Bu gün muxtar respublikada da bu cür avtomobillərdən istifadə üçün təşviqat işləri aparılır.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlərdən biri də ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövriyyəsinin stimullaşdırılmasıdır.

Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin artırılması və elektrik mühərrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurma məntəqələrinin qurulması da nəzərdə tutulur. Artıq bu istiqamətdə də işlərə başlanılıb. Elektrikli avtomobillərin ekologiyaya müsbət təsirlərini “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində izah edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şüküfə Həsənova bildirib ki, elektrikli avtomobillər ənənəvi benzinlə işləyən avtomobillərlə müqayisədə karbon izini əhəmiyyətli dərəcədə azaldır və ekoloji cəhətdən daha təmiz nəqliyyat növü hesab olunur.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri fonunda karbon emissiyalarının azaldılması olduqca strateji məsələdir:

“Elektrikli avtomobillər istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldır. Çünki bu avtomobillər daxili yanma mühərriki əvəzinə elektrik mühərriki ilə işləyir və işləmə zamanı birbaşa karbon emissiyası baş vermir".

Şüküfə Həsənova qeyd edib ki, bu avtomobillər təkcə karbon qazını deyil, həm də azot oksidi və digər zərərli qazların havaya buraxılmasının qarşısını alır. Bu isə şəhərlərdə hava keyfiyyətinin yaxşılaşmasına və eyni zamanda səs çirkliliyinin azalmasına səbəb olur:

“Elektrikli avtomobillər daha sakit işlədiyindən, xüsusilə sıx məskunlaşmış şəhərlərdə səs çirkliliyinin azalmasına da müsbət təsir göstərir".Ekspertin fikrincə, statistik göstəricilər də bu təsiri təsdiqləyir:

“Orta hesabla bir elektrikli avtomobil illik təxminən 1,5–2 ton karbon qazı emissiyasının qarşısını alır. İstehsal və istifadə müddəti ərzində isə 30-70% daha az karbon buraxır".

Lakin bu texnologiyanın da müəyyən ekoloji riskləri olduğunu qeyd edən Şüküfə Həsənova bildirib:

“Elektrikli avtomobillərin ətraf mühitə təsiri onların enerji ilə təmin olunduğu mənbədən də asılıdır. Əgər enerji bərpa olunan mənbələrdən – günəş, külək, hidroenerjidən əldə olunursa, bu, çox müsbət haldır. Lakin enerji kömür, neft və qazdan alınarsa, dolayı yolla emissiyalar yenə də davam edir".

Bununla yanaşı, o, elektrikli avtomobillərdə istifadə edilən batareyaların istehsalı və utilizasiyası məsələsinə də toxunub:

“Litium-ion batareyaların istehsalı zamanı nadir metallar hasil olunur ki, bu da torpağın deqradasiyası, su resurslarının çirklənməsi və yüksək enerji sərfiyyatına səbəb ola bilər. Lakin bu sahədə də texnologiyalar inkişaf etdirilir və təkrar emal sistemləri təkmilləşdirilir".

Naxçıvan Muxtar Respublikasının bərpaolunan enerji potensialına toxunan ETSN əməkdaşı qeyd edib:

“Naxçıvanda günəş və külək enerjisi resurslarının geniş yayılması elektrikli nəqliyyat sistemləri üçün əlverişli mühit yaradır. Son illər bu avtomobillərə olan marağın artması sevindirici haldır və bu tendensiya ətraf mühitin mühafizəsində mühüm rol oynayır". - deyə o qeyd edib.

Müsahibəni hazırladı: 

Nəzrin Abbaslı