Cəza çəkən şəxsin qazancından tutulmalar hansı qaydada hesablanır? -

Cəza çəkən şəxsin qazancından tutulmalar hansı qaydada hesablanır? - HÜQUQ MƏSLƏHƏTİ

03 Avqust 2026

Sual: İslah işləri növündə cəza çəkən şəxsin qazancından tutulmalar hansı qaydada hesablanır?

Cavab:  Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından tutulmalar bütün qazanc məbləğindən, vergilər və digər tədiyyələr daxil olmaqla, habelə icra sənədlərindən asılı olmayaraq aparılır.

Qazancdan tutulmalar əmək haqqı verilərkən hər işlənmiş ay üçün, məhkum işdən çıxdıqda isə ayın işlənmiş hissəsi üçün aparılır. Əvəzçilik üzrə işləyən şəxslərin iş yerlərindəki qazancından pul məbləği tutulur.

Qazancdan tutulmalar pensiyalardan və müavinətdən, birdəfəlik verilən və əmək haqqı sistemində nəzərdə tutulmayan ödəmələrdən, ezamiyyətlərlə əlaqədar xərclər üçün əvəz kimi verilən məbləğlərdən və başqa ödəmələrdən aparılmır.Məhkumların qazancından tutulmalara onların qazancının həm pul, həm də natura hissəsi cəlb edilir. Qazancın məhkumlardan tutulmuş natura hissəsi işəgötürənin sərəncamında qalır, onun dəyəri isə dövlətin nəfinə keçirilir. Tutulmuş pul məbləği hər ay əmək haqqı verilən gün dövlətin nəfinə keçirilir.

Tutulmalar qazancın natura hissəsi daxil olduqca təsərrüfat ilinin yekunlarına görə haqq-hesab çəkilərkən aparılır. İşə xitam verilməklə məhkəmənin hökmü ləğv olunduqda və ya dəyişdirildikdə məhkumun qazancından tutulmuş məbləğlər tamamilə və ya artıq tutulmuş məbləğlər ona qaytarılır.

Sual  Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov  tərəfindən cavablandırılıb.