Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb

Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb

03 Oktyabr 2026

Çimərlik mövsümündə sudaboğulma hallarının sayı 13 % azalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində ümumilikdə 64 nəfərin meyiti sudan tapılaraq çıxarılıb:

"Bu da ötən ilin analoji dövründə 85 olub və təxminən 25 % azalma deməkdir".

Akşin Əlili həmçinin bildirib ki, cari ilin çimərlik mövsümündə xilasedicilər sudan ümumilikdə 59 nəfərin meyiti çıxarılıb:

"Bu da ötən ilin analoji dövründə 68 olub və təxminən 13 % azalma deməkdir. Bu rəqəmdən yanlız 29-u bilavasitə çimərkən sudaboğulma halıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib".

FHN rəsmisi xatırladıb ki, 2026-cı il ərzində 23 nəfər dənizdə, 3-ü göllərdə, 5-i çaylarda, 18-i suvarma kanallarında, 5-i isə su anbarlarında batıb:

"Ümumilikdə sudabatma halları nəzarətsiz qeyri-çimərlik ərazilərində baş verib. Burada da küləkli havada, dalğalı dənizdə və ya spirtli içki qəbul edərək su hövzəsinə girmə halları, uşaqların və yeniyetmələrin nəzarətsiz buraxılması və xüsusilə çimərlik kimi nəzərdə tutulmayan suvarma kanalları, çaylar, süni göllər və digər bu kimi su hövzələrindən istifadə halları əsas səbəblərdəndir".

Akşin Əlili eyni zamanda əlavə edib ki, iyul ayından etibarən dənizdə boğulan 3 nəfərin axtarışları davam etdirilir.